Azərbaycan – NATO əməkdaşlığı: Azərbaycan Ordusu sülhün möhkəmlənməsinə xidmət edir

Xəbər - Alpər Ziya – Trend:

Azərbaycanla Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) arasında əməkdaşlığın təməli 1992-ci ilin mart ayında qoyulub və 1997-ci ildən etibarən, Avro-Atlantik Tərəfdaşlıq Şurası kimi tanınan Şimali Atlantik Əməkdaşlıq Şurasının məşvərət forumuna daxil olması ilə başlayıb. 4 may 1994-cü il tarixində isə ölkəmiz NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” (SNT) Proqramına qoşulub.

Azərbaycan NATO-nun tərəfdaşlıq mexanizmlərindən səmərəli istifadə edir

Ötən 27 il ərzində Azərbaycan və NATO arasında çox səmərəli hərbi əməkdaşlıq qurulub. Belə ki, Azərbaycan Müdafiə Nazirliyi NATO ilə əməkdaşlıq çərçivəsində SNT proqramı, Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı, Planlaşdırma və Analiz Prosesi, Əməliyyat İmkanları Konsepsiyası, Tərəfdaşlığın Qərargah Vəzifələri, Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı, Sülh Naminə Elm Proqramı və NATO-nun digər əhəmiyyətli tərəfdaşlıq mexanizmlərindən səmərəli şəkildə istifadə edir.

Müdafiə Nazirliyi bu mexanizmlərdən istifadə edərək, strateji sənədlərin işlənib hazırlanması, hərbi təlim və tədrisdə müasir standartların tətbiqi, Sülhməramlı Qüvvələrin hazırlığı, şəxsi heyətin idarə olunması, dəniz təhlükəsizliyi, maddi-texniki təminat, təcrübələrin öyrənilməsi, kibertəhlükəsizlik, enerji təhlükəsizliyi, “sahib ölkə dəstəyi” və hava məkanına nəzarət sahələrində müvafiq islahatlar çərçivəsində fəaliyyətlərini həyata keçirir.

Azərbaycanın sülhməramlı missiyada iştirakı yüksək qiymətləndirilir

Təsadüfi deyil ki, bu gün Azərbaycan Əfqanıstanda sülhməramlı missiyada çox fəal iştirak edir. ABŞ Dövlət katibi Entoni Blinken də cari il aprelin 28-də Prezident İlham Əliyevlə telefon söhbəti zamanı Azərbaycanın Əfqanıstanda sülhməramlı missiyada iştirakını yüksək qiymətləndirdi. Azərbaycan Prezidenti İlham Əliyev isə öz növbəsində regional təhlükəsizlik sahəsində əməkdaşlığa toxunaraq Əfqanıstanda sülhməramlı missiyanın fəaliyyətə başladığı ilk mərhələdən Azərbaycanın oradakı iştirakının önəmini vurğuladı.

NATO rəsmiləri də Azərbaycanın nəinki regionda, o cümlədən onun hüdudlarından kənarda da mühüm siyasi iştirakçı olduğunu vurğulayırlar və ölkəmiz ilə qurum arasında qlobal səviyyədə qarşılıqlı əməkdaşlıq üçün çox yaxşı imkanların olduğunu deyirlər. Çünki ölkəmizin geostrateji mövqeyi Şimali Atlantika Alyansına üzv olan dövlətlər üçün xüsusilə əhəmiyyətlidir. Qurumun hərbi ekspertlərinin rəyinə görə, Azərbaycanın coğrafi mövqeyi hər baxımdan, o cümlədən Əfqanıstanda çətin şəraitdə döyüşən sülhməramlılara və əfqan xalqına humanitar yardımın çatdırılması baxımından əvəzolunmazdır. Ona görə də ölkəmizin təhlükəsizliyinin qorunması, Cənubi Qafqaz regionunda sülh və sabitliyin tam bərpa olunması bu gün NATO və ona üzv olan dövlətlər üçün də mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Ordusunun zabitləri NATO-da milli vəzifələrdə xidmət edirlər

Azərbaycan Müdafiə Nazirliyindən əldə etdiyimiz məlumata görə, NATO-nun “Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Qiymətləndirmə və Rəy Proqramı” Azərbaycan Ordusunun inkişafına xidmət edən NATO-nun çoxmillətli müasir ordu quruculuğu təcrübəsini özündə cəmləşdirən əhəmiyyətli mexanizmlərindən biridir. Bu proqram Ordunun müvafiq bölmələrinin müasir döyüşün tələblərinə və inkişaf etmiş dövlətlərin standartlarına uyğun hazırlanması, o cümlədən NATO-nun zəruri “əməliyyat qabiliyyətləri”nə nail olması baxımından çox əhəmiyyətli bir mexanizmdir. Bu proqramla əldə edilmiş təcrübə və bilik bölmələrimizin beynəlxalq əməliyyatlarda və təlimlərdə peşəkar səviyyədə iştirakını təmin edərək, təmsilçilik imkanlarının və nüfuzunun artırılmasına imkan yaradır.

Qeyd edək ki, Sülhməramlı Qüvvələr Taboru, Kəşfiyyat Bölüyü, “Mİ-17” Helikopter Cütlüyü və Dənizdə Qadağa Əməliyyatları üzrə Göyərtə Qrupu Azərbaycan Ordusunun NATO-nun ƏİK Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş bölmələridir.

Onu da əlavə edək ki, 2002-ci ildən etibarən, “Tərəfdaşlığın Qərargah Vəzifələri” Konsepsiyası çərçivəsində Azərbaycan Ordusunun zabitləri NATO-nun müxtəlif taktiki, əməliyyat və strateji səviyyəli təsisatlarında xidmət edirlər. Bu töhfə Azərbaycanın NATO ilə əməkdaşlıq edən digər tərəfdaş dövlətlər arasında lider ölkəyə çevrilməsinə zəmin yaratmışdır. Müxtəlif sülhməramlı əməliyyatlarda iştirak edən kontingentimizin fəaliyyətinin əlaqələndirilməsi məqsədilə ABŞ-ın Mərkəzi Komandanlığının qərargahında (Tampa, ABŞ) və Beynəlxalq Çoxmillətli Koalisiya Qüvvələrinin qərargahında (Bağdad, İraq) ordumuzun zabitləri xidmət keçib.
Hazırda, Azərbaycan Ordusunun zabitləri NATO-nun Qərargah-Mənzilində (Brüssel, Belçika) və NATO Müttəfiq Qüvvələrin Avropadakı Baş Komandanlığının Tərəfdaşlıq İdarəsində (Mons, Belçika) hərbi nümayəndəlik tərkibində milli vəzifələrdə xidmət edirlər.

NATO-Azərbaycan əməkdaşlığı elm və təhsil sahələrində də uğurla inkişaf etdirilir

Təhlükəsizlik məsələləri ilə yanaşı, NATO-Azərbaycan əməkdaşlığı elm, təhsil kimi digər sahələrdə də uğurla inkişaf etdirilir. 2008-ci ildən etibarən, təhsil sahəsində NATO ilə əməkdaşlıq edən Azərbaycan Ordusu NATO-nun Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramından yararlanmaqla tabeliyində olan xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin tədrisinin məzmun və formasının Avropa təhsil standartlarına və Boloniya prosesinə uyğunlaşdırılması, eləcə də pedaqoji kadrların təkmilləşdirilməsi sahəsində ciddi işlər görüb. Beynəlxalq əməkdaşlıq sahəsində uyarlığın və əməkdaşlığın əldə olunmasında əhəmiyyətli rol oynayan xarici dillərin tədrisinin təkmilləşdirilməsində proqramın xüsusi əhəmiyyətini qeyd etmək olar. 2008-ci ildən fəaliyyətini Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında başlayan proqram 2018-ci ildən etibarən, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin də pedaqoji heyətinin təkmilləşdirilməsi, kurikulumlarının müasir standartlara uyğunlaşdırılması və digər istiqamətlərdə də tətbiq olunur. XXI əsrin ən səmərəli təhsil formalarından biri olan distant təhsil proqramı Azərbaycan Ordusunda daha çox şəxsi heyətin təhsilə cəlb olunmasına, təhsilin fasiləsizlik prinsipinə əməl olunmasına və resursların qənaət olunmasına xidmət edir.

Azərbaycan Ordusu regionda sabitlik və sülhün möhkəmlənməsinə xidmət edir

NATO-nun “Sülh və Təhlükəsizlik Naminə Elm Proqramı” elmin inkişafı və yeniliklərin tətbiqi yolu ilə NATO və Tərəfdaşlar arasında əməkdaşlıq və dialoqun genişləndirilməsinə, qarşılıqlı təhlükəsizlik problemlərinin həllinə, bilik mübadiləsinə, eləcə də tədqiqatların aparılması və innovasiyaların tətbiqi üçün mühüm bir vasitədir. Azərbaycan Müdafiə Nazirliyi qeyd olunan proqram çərçivəsində artıq bir neçə uğurlu layihələrə imza atıb.

Beləliklə, bütün bunların sayəsində bu gün Azərbaycan müasir və güclü orduya malikdir. Azərbaycan Ordusu bunu 44 günlük Vətən Müharibəsində bir daha sübut etdi və bütün dünya Ordumuzun dünya hərb tarixində inqilab yaradan müasir hərbi əməliyyatlarını gördü. Ordumuzun təkmilləşdirilməsi, müasirləşdirilməsi və inkişaf prosesi bu gün də davam etdirilir. Çünki Azərbaycan Ordusu regionda sabitlik və sülhün möhkəmlənməsinə xidmət edir.

Teqlər: