Azərbaycan münaqişə ocaqlarına yalnız beynəlxalq hüquq, sülh və təhlükəsizlik prinsipləri ilə yanaşıb – Ekspert

Xəbər - Samir Əli – Trend:

Azərbaycan bütün tarixi ərzində münaqişə və müharibə ocaqlarına
yalnız beynəlxalq hüquq, sülh və təhlükəsizlik prinsiplərindən
çıxış edərək yanaşıb

Bunu AzerTimes-a
açıqlamasında “Bakı xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert
Aydın Quliyev deyib.

O bildirib ki, Qərb və Rusiya bu hərbi-siyasi qarşıdurmada daha
çox dünya və region dövlətlərini öz yanlarında görmək istəyirlər.
Ekspertin sözlərinə görə, Ukrayna ətrafında vəziyyət gərginləşdikcə
bu prosesin təsirləri özünü yaxın və uzaq region ölkələrində aydın
göstərir.

“Qərbin və Rusiyanın hərbi-siyasi qarşıdurmasında onlar daha çox
dünya və region dövlətlərini öz yanlarında görmək istəyirlər.Təbii
ki, Azərbaycanın kimin yanında olmasının hər iki tərəf üçün böyük
əhəmiyyəti var və hər iki geosiyasi qüvvə Azərbaycanı öz
düşərgəsində görmək istəyir. Azərbaycanın dünya siyasətində sabit
və güclənən mövqeyi, hərbi-iqtisadi gücü, beynəlxalq təşkilatlarda
nüfuzu və oynadığı rol ölkəmizi çox əhəmiyyətli mövqelərə çıxarıb.
NATO və Rusiyanın Ukrayna ilə bağlı siyasət və iddiaları onların öz
maraqları üzərində qurulduğu halda, Azərbaycanın hazırkı dövlət
siyasəti illərin sınağından uğurla keçərək ölkənin milli
təhlükəsizlik maraqlarına tam cavab verib. Eyni zamanda, qlobal
sülh və təhlükəsizliyə, əməkdaşlığa öz töhfələrini verib.

Bu şəraitdə Ukrayna ətrafında baş verənlərə Azərbaycanın
münasibəti heç də qarşıdurma tərəflərinin yox, Azərbaycanın özünün
təhlükəsizlik maraqları üzərində davam etdirilməlidir. Azərbaycan
artıq 30 ilə yaxın nüddətdə heç bir hərbi-siyasi bloka qoşulmadan
qlobal təhlükəsizliyə və sülhə daha çox tohfələr verib. Azərbaycan
diplomatiyasının Heydər Əliyevdən başlayaraq indiyədək şəksiz uğur
şərti məhz müxtəlif bloklara qoşulmamaqdan ibarətdir. Ölkənin milli
təhlükəsizlik konsepsiyası da beynəlxalq hüquqa, milli mənafelərə
və müstəqil siyasət prinsiplərinə uyğun qurulub. Azərbaycanın özü
əhəmiyyətli geosiyasi mövqedə yerləşdiyi üçün bütün müstəqillik
dövründə fasiləsiz şəkildə təzyiqlərə məruz qalıb. Lakin Azərbaycan
müxtəlif təzyiqlərdən hər dəfə uğurla çıxaraq, üstəlik, geosiyasi
qütblərin maraq və mənafelərini balanslaşdıraraq dinc əməkdaşlıq
yoluna məharətlə döndərə bilib”, – deyə A.Quliyev bildirib.

Ekspert qeyd edib ki, məhz müstəqil daxili və xarici siyasət
sayəsində Azərbaycan Avropanın enerji və hərbi təhlükəsizliyinə
stabil şəkildə töhfə verməkdədir: “Qoşulmama Hərəkatının fəal üzvü
və sədri kimi Azərbaycan müxtəlif beynəlxalq təşkilatların və
dövlətlərin münasibətlərinin sıxlaşdırılmasında müstəsna
əhəmiyyətli rol oynamaqdadır. Bu gün Ukrayna məsələsinə görə
Azərbaycanı öz tərəfində görmək istəyən qüvvələr Azərbaycanın öz
müstəqil siyasət kursuna bağlılığının dəyişməz olduğunu nəzərə
almalı, Azərbaycanın iki qarşıduran qütb arasında vasitəçilik və
barışdırıcılıq imkanlarının indi daha faydalı ola biləcəyi barədə
düşünməlidirlər. Azərbaycan bütün müstəqillik dövründə beynəlxalq
münasibətlərdə hamılıqla tanınmış norma və prinsiplərə ardıcıl
sadiq ölkə kimi özünü göstərib. Hətta 30 ildən çox müddətdə xarici
təcavüzə və aparıcı ölkələrin ikili standart siyasətinə məruz qalsa
da, beynəlxalq hüquq normalarına sadiqlikdən bir addım geri
çəkilmədi. Bunu da xüsusi demək lazımdır ku, Azərbaycan öz ərazi
bütövlüyü naminə ədalətli Vətən müharibəsinə cəlb olunduğu
vaxtlarda belə beynəlxalq hüquq və hunanitar siyasət prinsiplərini
kənara qoymadı. Azərbaycan bütün tarixi ərzində münaqişə və
müharibə ocaqlarına yalnız beynəlxalq hüquq, sülh və təhlükəsizlik
prinsiplərindən çıxış edərək yanaşıb. Təcrübə göstərir ki,
Azərbaycan öz müstəqil xarici siyasəti ilə münaqişələrin qarşısının
alınmasında, həllində öz missiyasını uğurla icra edib. Dünyanın
Ukrayna məsələsi ilə bağlı çox mürəkkəb beynəlxalq münasibətlərin
ərafəsində olması Azərbaycan kimi ölkələrin müstəqil və tərəfsiz
siyasətinin daha perspektivli olduğunu bir daha təsdiqləyir.
Azərbaycanın müstəqil xarici siyasəti Ukrayna gərginliyinin də daha
ağır proseslərə çevrilməsinin qarşısını almaqda təsirli rol oynaya
bilər”.

Teqlər: