Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbaycan tolerantlıq və mültikulturalizm ənənələrini möhkəm təməllər üzərində davam etdirir. Prezident İlham Əliyevin Milad bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasını təbrik etməsi ölkəmizin tolerantlıq və multikulturalizmə verdiyi böyük dəyərin daha bir göstəricisidir.
Məsələ ilə bağlı AzerTimes-a açıqlama verən Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib ki, tolerantlıq və mültikulturalizm Azərbaycanda əsrlərdir mövcud olan möhkəm bir ənənədir.
“Əsrlər boyu müxtəlif xalqların və dinlərin nümayəndələri Azərbaycanda mehriban, qarşılıqlı hörmət və etimad və sülh şəraitində yaşayır. Azərbaycanda mövcud olan çoxəsrlik tolerantlıq ənənələrinin və multikultural dəyərlərin qorunub-saxlanılması dövlət siyasətinin prioritetlərindən birinə çevrilib. Cənab Prezident İlham Əliyev daim öz siyasətində tolerantlıq mühitinin, multikulturalizm ənənələrinin qorunmasına böyük önəm verib. Azərbaycan beynəlxalq müstəvidə də multikulturalizm və tolerantlıq ənənələrinin inkişaf etdirilməsinə də böyük töhfələr verir. Bu istiqamətdə Azərbaycan Bakı Beynəlxalq Humanitar Formu, Mədəniyyətlərarası Dialoq Forumu, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu kimi çoxsaylı mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir. Azərbaycanın bu sahədə təcrübəsi multikulturalizmin təbliği üçün nümunə kimi çıxış edir. Azərbaycan dünyada müxtəlif xalqların nümayəndələrinin birgə, sülh və təhlükəsizlik şəraitində yaşadığı ideal və arzuolunan məkan kimi tanınır”, – deyə deputat vurğulayıb.
Deputat bildirib ki, Azərbaycanda mövcud olan tolerantlıq mühitinin və bu istiqamətdə aparılan siyasətin Vətən müharibəsi zamanı böyük töhfəsini gördük.
“Vətən müharibəsində qələbədə ölkəmizdə olan bütün icmaların payı və töhfəsi oldu. Bütün xalqlardan, etnik və dini icmalardan olan nümayəndələr vahid amal və vahid bayraq altında birləşərək çiyin-çiyinə döyüşməklə Azərbaycanda multikultural dəyərlərə böyük önəm verilməsini və Azərbaycanda bütün xalqlara hər zaman eyni münasibətin olmasını bir daha göstərdilər. Azərbaycan işğaldan azad edilmiş ərazilərdə də tolerantlıq ənənələrinə böyük dəyər verir”, – deyə S.Hüseynova vurğulayıb.
Milli Məclisin deputatı Elşən Musayev isə bildirib ki, Prezident İlham Əliyevin Milad bayramı münasibəti ilə xristian icmasına təbrikində səslənən bütün fikirlər bir daha təsdiq edir ki, Azərbaycan dövləti multikulturalizm və toleyrantlıq ənənələrinə sadiqdir.
“Hər zaman da belə olub. Etnik-mədəni müxtəlifliyə, dini-mənəvi irsə hörmət ölkədə yürüdülən siyasətin daim əsas prioritetlərindən və məqsədlərindən biri kimi çıxış edib. Azərbaycan dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər kəs üçün doğma vətəndir. Eyni zamanda, provoslav etiqadlı həmvətənlərimiz ictimai-siyasi həyatın müxtəlif sahələrində yaxından iştirak edərək öz vətəndaşlıq borcunu layiqincə yerinə yetirir.
Azərbaycan bu gün dünyada multikultural və tolerant ənənələri ən yüksək şəkildə qoruyan və inkişaf etdirən dövlətlərdən biridir. Məmləkətimizdə hamıya eyni gözlə baxılır, hamıya eyni şərait yaradılır, hamıya eyni münasibət sərgilənir. Üstəlik, bu dəyərlərə hörmət həm də müasir dövrün tələbi və qanunauyğunluğudur.
Milad bayramı eynilə cənab Prezidentin qeyd etdiyi kimi, yeniliyin, əmin-amanlığın, şəfqət və mərhəmətin rəmzi olaraq hər il ölkəmizdə də qeyd edilir. Bu faktın özü isə bir daha deyilənlərə dəlalət edir ki, bütün bayramlara, dini-mənəvi irslərə hörmət Azərbaycan üçün ən vacib prioritetlərdən, məqsədlərdən biridir”, – deyə deputat bildirib.