Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) “Azərbaycan
multikulturalizmi” fənninin xarici ölkə universitetlərində tədrisi
layihəsi uğurla davam edir.
BBMM-dən AzerTimes-a bildirilib ki, hazırda sözügedən layihə
çərçivəsində 24 ölkənin nüfuzlu unversitetində “Azərbaycan
multikulturalizmi” tədris edilir. Dünyanın bir çox nüfuzlu ölkəsi
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə müraciət edərək
“Azərbaycan multikulturalizmi” fənninin aparıcı ali təhsil
müəssisələrində tədris təkliflərini irəli sürür. Cari ilin
əvvəllərindən etibarən, bu sıraya daha bir xarici ölkənin nüfuzlu
universiteti – Pekin Xarici Dillər Universiteti də əlavə
olunub.
Pekin Xarici Dillər Universiteti Azərbaycan dili kafedrasının
müdiri, Çin İctimai Elmlər Akademiyasının dəvətli alimi, filologiya
üzrə fəlsəfə doktoru Aqşin Əliyev həmin universitetdə “Azərbaycan
multikulturalizmi” fənninin çinli tələbələrə Azərbaycan dilində
tədrisinə başlayıb. Qeyd edək ki, dünyada Azərbaycandan kənarda
əcnəbilər üçün ilk və yeganə Azərbaycan dili ixtisası məhz Aqşin
Əliyevin rəhbərliyi altında Pekin Xarici Dillər Universitetində
yaradılıb və 2018-ci ildə Çin ümumrespublika qəbul imtahanı
vasitəsilə bu ixtisasa qəbul həyata keçirilib. Hazırda Azərbaycan
dili ixtisası üzrə təhsil alan çinli tələbələr dördüncü
kursdadırlar. Cari ilin fevral-mart ayları ərzində “Azərbaycan
multikulturalizmi” fənninin tədrisi vasitəsilə, tələbələrə
Azərbaycan multikulturalizmi modelinin özəllikləri, ölkədəki
etnomədəni və konfessional müxtəliflik, multikulturalizmin dövlət
siyasəti müstəvisində həyata keçirilməsi, bu modelin
mədəniyyətlərarası və dinlərarası dialoqda oynadığı qlobal rol kimi
mühüm mövzularda mühazirələr təqdim olunub.
Onu da qeyd edək ki, “Azərbaycan multikulturalizmi” fənninin
xarici unversitetdə Azərbaycan dilində tədrisi ilk dəfə həyata
keçirilir.
Prezident İlham Əliyevin “Azərbaycanı dünyada multikulturalizm
mərkəzi kimi tanıdaq” təşəbbüsünün öz real həllini tapması
məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin apardığı
ardıcıl və məqsədyönlü işin nəticəsində yaxın gələcəkdə xaricdə
“Azərbaycan multikulturalizmi” fənlərinin tədrisi daha geniş
coğrafiyanı əhatə edəcək.