“Azərbaycan müəllimi” qəzetində Vətən müharibəsi iştirakçısı olan Mingəçevir Dövlət Universiteti əməkdaşının məqaləsi dərc olunub

Dünyaya səs salan Müzəffər Azərbaycan Ordusunun gücü

Ordumuz əks-həmlə əməliyyatları zamanı müasir texnoloji silahlarla düşmənin komanda-idarəetmə məntəqələrini, raket və artilleriya vasitələrini, döyüş texnikasını və təminatını sıradan çıxararaq onu faktiki olaraq iflic vəziyyətinə gətirdi. Müasir texnoloji silahlar Silahlı Qüvvələrimizin güc alətlərindən yalnız biri idi. Müharibənin taleyini müəyyənləşdirən başda Ali Baş Komandanımız olmaqla, döyüş meydanında əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri və onun cəsur komandirləri idi. Məhz onların səyi nəticəsində iflic vəziyyətə düşən Ermənistan ordusu arsenalında olan köhnə və istismar müddəti bitmiş silah sistemlərini də döyüşə cəlb etdi və nəticəsi rüsvayçı şəkildə uduzmaq oldu. Bununla da Silahlı Qüvvələrimiz “Ermənistan ordusunun məğlubedilməzliyi” mifini darmadağın etdi. Müzəffər Ali Baş Komandanımızın və rəşadətli Azərbaycan Ordusunun sayəsində 44 gün davam edən Vətən müharibəsində tarixi Zəfər qazanan ölkəmizin 30 illik işğaldan sonra ərazi bütövlüyü bərpa olundu.

Şuşanın işğaldan azad edilməsi

Azərbaycan Böyük Qələbənin ilk addım səslərini 2020-ci ilin noyabrın 8-də Qarabağın ürəyi, incisi hesab olunan Şuşa şəhərinin işğaldan azad edildiyi ilk saatlarda eşitdi. Bəli, bu qədim yurd yerimizin xilası ilə tam qələbəmizə yol açıldı. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa yolu qalmadı. Döyüşlərdə bütün dünya Azərbaycan xalqının əzmini, Azərbaycan Ordusunun döyüş qabiliyyətini aydın gördü. Vətənpərvər xalqımızın öz Prezidentini necə dəstəklədiyi, onun ətrafında sıx birləşdiyi bir daha təsdiqləndi.

Düşmənin acizliyi

Prezident İlham Əliyev müharibə gedən zaman xalqa müraciətlərinin birində deyib: “Azərbaycan Ordusu öz üstünlüyünü göstərir, Azərbaycan əsgəri və zabiti yüksək mənəvi-psixoloji keyfiyyətlər göstərir, mənəvi ruh göstərir. Çünki biz öz torpağımızda vuruşuruq, öz torpaqlarımızı azad edirik. Ermənistanın əsgərləri işğalçılardır. Döyüş gedən torpaq onların torpağı deyil”. Ona görə də döyüş əməliyyatlarında erməni əsgəri mövqelərini qoyub qaçır, Azərbaycan əsgəri isə öz torpağı uğrunda şücaətlə döyüşür, canından keçirdi.

Ümummilli Liderin uzaqgörən siyasəti

Azərbaycanın cəbhədə əldə etdiyi bu qələbələrin əsası son 27 il ərzində qoyulub. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda ordu quruculuğu diqqət mərkəzində saxlanıldı, bununla bağlı mühüm tədbirlər həyata keçirildi. Prezident İlham Əliyev 17 illik hakimiyyəti dövründə isə iri infrastruktur neft-qaz layihələrini həyata keçirdi və bundan əldə edilən böyük həcmli valyuta gəlirləri hesabına bütün Azərbaycan, eləcə də ordu sürətlə inkişaf etdi, ən müasir döyüş texnikasının alınması gerçəkləşdirildi, regionun ən güclü silahlı qüvvəsinə çevrildi. Əsgər və zabitlərimizin sosial şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılıb. Azərbaycan Prezidenti çıxışlarının birində bu barədə danışarkən deyib: “Ordu quruculuğu mənim fəaliyyətimdə həmişə birinci yerdədir. Hərbçilər də, Azərbaycan xalqı da bunu bilir. Həmişə demişəm ki, ordumuz üçün nə lazımdırsa, biz onu da edəcəyik. Biz güclü, iradəli ordu yaratmışıq. Bizim bütün silahlı birləşmələrimiz müasir standartlara cavab verir və döyüş tapşırığını şərəflə, vicdanla, cəsarətlə yerinə yetirir.”

Ali Baş Komandanın müdrikliyi

Azərbaycan Ordusunun işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.

Hər günü tarixə çevrilən 44 gün

Şanlı Azərbaycan Ordusu mənfur düşmənlə 44 gün qəhrəmancasına savaşıb onu diz çökdürdü. Bu 44 günlük müharibə Azərbaycan xalqının şanını-şöhrətini özünə qaytardı, xalq olaraq qürurumuzu, vüqarımızı, inamımızı özümüzə qaytardı. Bu 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının tarixində qızıl hərflərlə həkk olunub əbədi yaşayacaq. Bizlər – bugünkü nəsil xoşbəxt nəsilik ki, bu şanlı tarixin yazılmasına şahidlik etdik. Əslində bu 44 günün hər günü bir tarixdir.

Məğlubiyyətini qəbul edən Ermənistan

Beləliklə, döyüşdə uduzan, məğlub olan Ermənistanın öz müqavimətini dayandırmaqdan, Azərbaycanın şərtlərini qeyd-şərtsiz qəbul etməkdən başqa əlacı qalmadı. Azərbaycan, Rusiya və Ermənistan arasında birgə imzalanan bəyanat da məhz düşmən ölkənin kapitulyasiyasının ifadəsi idi.

Kapitulyasiya aktı məğlubiyyətin sübutudur. Noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb. Bu kapitulyasiya aktına görə, bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı, Azərbaycan bayrağı orada qaldırıldı. Bu, onu göstərir ki, Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanıb.

Ordumuzun yüksək peşəkarlığı

Ekspertlər bildirirlər ki, Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq. Yüksək dağlıq şəraitdə həyata keçirilən Şuşanın ermənilərdən təmizlənməsi əməliyyatı da, şübhəsiz ki, Azərbaycanın hərb tarixinə şərəfli, parlaq səhifə kimi yazılacaq.


Son dərəcə yüksək dəqiqliklə hədəfi vuran və qarşısıalınmaz zərbə gücünə malik silahlarla, düşmənin ağır texnikasını və canlı qüvvəsini darmadağın edən pilotsuz uçuş aparatları ilə ordumuzun modernləşdirilməsi Azərbaycanda ordu quruculuğu istiqamətində görülən ciddi tədbirlərin kiçik bir hissəsidir. Məhz elə buna görə də Azərbaycan Silahlı Qüvvələrinin hazırda dünyanın ən güclü 50 ordusundan biri olması da bunun bariz ifadəsidir.

Hər şey Vətən üçün!!!

Tarixi vərəqləyəndə şahidi olursan ki, heç bir müharibə qansız, itkisiz, şəhidsiz və itkinsiz keçməyib. Bütün dövlətlərin hərb tarixi müharibələr, dağıntılar, insan ölümü, faciələrlə müşayiət olunur. Xüsusilə də, müharibə Vətən uğrunda olanda, işğalçıya qarşı savaşanda daha fərqli olur. İkinci Dünya Müharibəsində də insanlar “Hər şey Vətən üçün”, “Hər şey cəbhə üçün”, “Vətən naminə” deyərdilər. Yəni, tarixi bu misallar onu göstərir ki, doğma torpaq, Vətən uğrunda canını fəda edib şəhidlik zirvəsinə yüksəlmək, öz adını xalqın tarixi yaddaşına həkk etmək, Vətən, dövlət və xalq qarşısında öz borcunu sonadək ödəmək, qəhrəmanlıq nümunəsi yaratmaq, milyonlarla insanın sevgisini, rəğbətini qazanmaq hər bir insanın arzusu olub və bu, bu gün də belədir.

Vətən müharibəsi də uzun dövlətçilik və hərb tarixi olan Azərbaycan xalqı üçün fərqli oldu. 30 ilə yaxındır düşmən tapdağında olan torpaqları azad etmək hər bir azərbaycanlının ən vacib arzusu və diləyi idi. Və çox sevindirici haldır ki, artıq bütün işğal altında olan torpaqlarımız azad olunub, Qarabağ Azərbaycandır!

Müstəqillik, yenilməzlik, qəhrəmanlıq simvolu “Əbədiyaşar Şəhidlərimiz”

Bəli, şəhidlərimiz, yaralılarımız, itkin düşənlərimiz oldu. Lakin xalqımız torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin xatirəsini uca tutduğunu, onlarla fəxr etdiyini nümayiş etdirdi.

Azərbaycan Ordusunda bir nəfər də fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq. Müharibədə Azərbaycan xalqı öz böyüklüyünü göstərdi, yüksək mənəvi ruhunu göstərdi. Bu Qələbənin səbəbkarı da Azərbaycan xalqıdır. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik.

Əgər bir xalqın müqəddəs amal uğrunda – xalqın azadlığı, Vətənin bütövlüyü uğrunda qəhrəmanlıqla savaşıb, canından keçən igid oğulları varsa, o xalq xoşbəxt xalqdır. Torpaq, uğrunda ölən varsa Vətəndir! Bizim tarixən azadlıq, vətənin müdafiəsi uğrunda şəhidlərimiz olub, bu gün də minlərlə şəhidimiz var. Hər birimiz onlarla qürur duyuruq. Biz Vətəninə, torpağına bağlı, Vətənini canından çox sevən bir xalqıq.

Hər şəhidimiz, eləcə də hər qazimiz, 44 günlük Vətən müharibəsində ölümün gözünə dik baxaraq rəşadətlə vuruşan hər bir əsgər və zabitimiz öz qəhrəmanlıqları ilə bir dastan yazdı. Bu qəhrəmanlıq dastanları böyüyən övladlarımız, yeniyetmələrimiz, eyni zamanda, gələcək nəsillər üçün bir örnək, milli dəyərlərimizi aşılayan bir məktəbdir.

Düşünürəm ki, mənəviyyatımız qalibiyyətimizə yol açdı, bizim qalibiyyətimizdə milli dəyərlərimiz çox böyük rol oynadı. Məhz bu cür milli dəyərlərə sahib olan xalq qəhrəman oğullar yetişdirə bilər. Torpaq, Vətən sevgisi ilə yetişdirilən, “Vətən anadır, Vətəni ana kimi sevməli, ana kimi qorumalısan” deyimini həyat amalına çevirən Azərbaycan oğulları əlbəttə, lazım gələndə bu müqəddəs amal uğrunda canlarından keçib şəhid olmağı özlərinə şərəf bildilər.

Müharibədən sonrakı dövr

Ölkəmiz üçün yeni dövr başlayır – quruculuq dövrü. Mənfur düşmən işğal edilmiş bütün torpaqlarda olan tikililəri yerlə-yeksan edib. Bütün binalar, tarixi abidələr, məscidlər, qəbirlər, məzarlıqlar mənfur düşmən tərəfindən dağıdılıb. Onlar hamısı bərpa ediləcək.

Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. Hər bir vətəndaşımız, gənclərimiz bu məsələlərdə fəal olmalıdır.

Mahir İsmayılov,

Mingəçevir Dövlət Universitetinin Mexanika kafedrasının müdiri,

dosent, Vətən müharibəsi iştirakçısı, zabit

Teqlər: