Ukraynada yaşanan böhran nəticəsində Moldova Respublikası
ərazisinə keçmiş ukraynalı məcburi köçkünlərin ehtiyaclarının
qarşılanması məqsədilə Azərbaycan dövləti tərəfindən, təcili və
təxirəsalınmaz hallarda tibbi yardımın göstərilməsi üçün dərman
vasitələrindən ibarət humanitar yardım bugün Moldovaya yola
salınıb.
Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, məbləği
1,7 milyon manatdan artıq olan 29 tonluq humanitar yardımın
Kişinyov hava limanına çatdırılması üçün təyyarə 15 aprel saat
10:00-da Moldova və Ukraynanın ölkəmizdəki diplomatik
nümayəndələrinin iştirakı ilə Heydər Əliyev adına Beynəlxalq Hava
Limanından yola salınıb.
Xatırladaq ki, Ukraynadakı vəziyyətlə əlaqədar ölkə
rəhbərliyinin tapşırığı ilə cari ilin 27 fevral və 12 mart
tarixlərində Azərbaycan tərəfindən Ukraynaya dərman vasitələri,
tibbi sərf, cihaz və avadanlıqlardan, eləcə də ərzaq məhsullarından
ibarət ümumi məbləği 21.5 milyon manat olan (11,5 milyon avrodan
artıq) 520 tona yaxın humanitar yardım göndərilib.