Azərbaycan – Misir Hökumətlərarası Müştərək Komissiyanın beşinci iclası keçirilib (FOTO)

Bu gün Bakı şəhərində Azərbaycan Respublikası və Misir Ərəb
Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi
əməkdaşlıq üzrə Müştərək Komissiyanın beşinci iclası keçirilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AzerTimes-a bildirilib
ki, iclasda iştirak etmək məqsədilə Müştərək Komissiyanın Misir
Ərəb Respublikası tərəfindən həmsədri, bu ölkənin beynəlxalq
əməkdaşlıq naziri Rania Al-Maşatın rəhbərliyi ilə nümayəndə heyəti
ölkəmizə səfərə gəlib.

Komissiyanın Azərbaycan Respublikası tərəfindən həmsədri,
rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev misirli
qonaqları salamlayaraq bildirib ki, Azərbaycan və Misir yüksək
iqtisadi və mədəni əlaqələrə malik dost ölkələrdir. Diqqətə
çatdırılıb ki, bu il Azərbaycanla Misir arasında diplomatik
əlaqələrin qurulmasının 30 ili tamam olur.

Nazir Rəşad Nəbiyev Misir nümayəndə heyətinə 44 günlük Vətən
müharibəsi nəticəsində Ermənistan işğalından azad edilən Azərbaycan
ərazilərində aparılan yenidənqurma və bərpa işləri barədə məlumat
verib. Qeyd olunub ki, müharibədən sonra kommunikasiyaların
açılması və iqtisadi əlaqələrin bərpası, xüsusilə Zəngəzur
dəhlizinin reallaşdırılması regionda sabitliyə və inkişafa öz
töhfəsini verəcək və onun tranzit potensialını daha da
gücləndirəcək.

Sonra Rəşad Nəbiyev ölkəmizin ötənilki makroiqtisadi
göstəriciləri, eləcə də Azərbaycanda nəqliyyat və rəqəmsal
transformasiya sahəsində görülən və planlaşdırılan işləri diqqətə
çatdırıb.


İclasda ticarət, sənaye, qarşılıqlı investisiyalar, təhsil,
mədəniyyət və turizm sahəsində əməkdaşlıq imkanlarına dair
müzakirələr aparılıb.

İclasın sonunda Azərbaycan Respublikası və Misir Ərəb
Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi
əməkdaşlıq üzrə Müştərək Komissiyanın beşinci iclasının Protokolu
və aşağıdakı sənədlər imzalanıb:

  • “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı
    Agentliyi ilə Misir Ərəb Respublikasının Mikro, Kiçik və Orta
    Sahibkarlığın İnkişafı Agentliyi arasında Anlaşma
    Memorandumu”;
  • “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi
    Agentliyi – AZPROMO ilə Misir Ərəb Respublikasının Ticarət və
    Sənaye Nazirliyi arasında Azərbaycan – Misir Biznes Şurasının
    yaradılması haqqında Anlaşma Memorandumu”;
  • “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi
    Agentliyi – AZPROMO ilə Misirli İş Adamları Assosiasiyası arasında
    Anlaşma Memorandumu”;
  • “Azərbaycan Respublikasının “Bakı Beynəlxalq Dəniz Ticarət
    Limanı” QSC ilə Misir Ərəb Respublikasının İsgəndəriyyə limanı
    arasında Anlaşma Memorandumu”.

Qeyd edək ki, Müştərək Komissiya 1994-cü ilin 7 aprel tarixində
Qahirə şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və
Misir Ərəb Respublikası Hökuməti arasında iqtisadi və elmi-texniki
əməkdaşlıq haqqında Saziş”ə əsasən yaradılıb.

Teqlər: