Azərbaycan futbol üzrə millisi DÇ-2022-nin seçmə mərhələsində çıxışını başa vurub.
Trend xəbər verir ki, mərhələdə son oyununu doğma divarlar arasında Lüksemburq yığmasına qarşı keçirən komandamız 1-3 hesabəyla məğlub olub.
Qonaqların heyətində hesabı 67-ci dəqiqədə Jerson Rodrigeş açıb. Bunun ardınca 78-ci dəqiqədə lüksemburqlu Sebastyan Till növbəti dəfə Canni De Byazinin yetirmələrini meydanın mərkəzinə dəvət edib. 82-ci dəqiqədə Azər Salahlı buraxılan toplardan birinin əvəzini çıxıb. Qolun qaydalar çərçivəsində vurulub-vurulmadığını müəyyənləşdirmək üçün VAR sisteminə müraciət olunub. Yekunda qol qeydə alınıb.
Lakin millimizin bundan artığına gücü çatmayıb. Əvəzində Rodrigeş əsas vaxta əlavə olunmuş 1-ci dəqiqədə özünün 2-ci, komandasının isə 3-cü qolunu vurub.
Bu qələbədən sonra xalların 9-a çatdıran Lüksemburq seçməsi qrup 3-cülüyünü təmin edib. Azərbaycan isə seçmə mərhələni 1 xalla sonuncu sırada başa vurub.