Azərbaycan Milli Olimpiya Komitəsinin 30 illiyi qeyd ediləcək – SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Milli Olimpiya
Komitəsinin 30 illiyinin qeyd edilməsi haqqında Sərəncam
imzalayıb.

Sərəncamda qeyd edilir ki, 2022-ci ildə Azərbaycan
Respublikasının Milli Olimpiya Komitəsinin yaradılmasının 30 ili
tamam olur.

Milli Olimpiya Komitəsi təsis olunduğu vaxtdan ölkədə idmanın
dinamik inkişafı, Olimpiya ideallarının bərqərar olması və təşviqi
üçün məqsədyönlü, ardıcıl fəaliyyət göstərmişdir. Ötən müddət
ərzində Azərbaycanın idman infrastrukturunun yenilənərək ən müasir
standartlara cavab verən səviyyəyə gətirilməsində, idmanın
kütləviliyinin artırılmasında və sağlam həyat tərzinin təbliğində
Milli Olimpiya Komitəsinin mühüm xidmətləri olmuşdur.
İdmançılarımız Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil
etmiş, yüksək nəticələr qazanmış və Azərbaycan Respublikasının
müstəqilliyinin bərpasından sonra Olimpiya Oyunlarında əldə olunan
medalların sayını 53-ə çatdıraraq Azərbaycanın idman şöhrətini
artırmışlar.

Milli Olimpiya Komitəsinin mötəbər idman yarışlarının təşkili
istiqamətində təqdirəlayiq fəaliyyəti sayəsində ölkəmizdə 2015-ci
ildə I Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları
və 2019-cu ildə Avropa Yeniyetmələrinin Olimpiya Festivalı böyük
uğurla keçirilmişdir. Əldə edilmiş nailiyyətlər beynəlxalq miqyasda
əks-səda doğurmuş, Azərbaycanı dünyada idman ölkəsi kimi
tanıtmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
32-ci bəndini rəhbər tutaraq və Milli Olimpiya Komitəsinin təsis
olunmasının 30 illiyinin ölkənin ictimai həyatında əhəmiyyətini
nəzərə alaraq, habelə Azərbaycan Respublikasında Olimpiya
Hərəkatının daha da genişləndirilməsini təmin etmək məqsədilə
qərara alıram:

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1. Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi ilə
birlikdə Milli Olimpiya Komitəsinin 30 illiyinə dair tədbirlər
planı hazırlayıb həyata keçirsin.

2. Bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Teqlər: