Azərbaycan Mətbuat Şurasının sədri Keniyada keçirilən toplantısında iştirak edir (FOTO)

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Ümümdünya
Mətbuat Şuraları Assosiasiyasının Keniyanın paytaxtı Nayrobidə
keçirilən növbəti illik toplantısında iştirak edir. Toplantıya 25-ə
yaxın ölkədən assosiasiyaya üzv təşkilatlar qatılıb. Tədbir qurumun
ötən yığıncağından indiyədək, həmçinin Rusiya-Ukrayna müharibəsində
həlak olmuş jurnalistlərin xatirələrinin bir dəqiqəlik sükutla
anılması ilə başlayıb. Ümümdünya Mətbuat Şuraları Assosiasiyasının
prezidenti Şölə Aker toplantını açaraq hesabat dövründə təşkilatın
gördüyü işlərdən danışıb.

Qurumun prezidentinin birinci müavini Ə.Amaşov çıxışında
assosiasiyanın illik tədbirinin koronavirus pandemiyası başlayandan
indiyədək ilk dəfə onlayn rejimdə deyil, açıq şəkildə təşkilinə
diqqət çəkib. O, mövcud xüsusda əvvəlcə azərbaycanlı jurnalistlərin
pandemiya reallıqlarını işıqlandırmalarından bəhs edib. Ə.Amaşov
bildirib ki, qorxunc infeksiyanın vüsət aldığı ilk aylarda onunla
bağlı proseslərin təqdimatı zamanı nəinki Azərbaycan
jurnalistlərində, eləcə də dünya media məkanında çaşqınlıq nəzərə
çarpırdı. Çünki pandemiya tam yenilik idi, həyəcan, qorxu və təlaş
şəraitində peşə standartlarını qorumaq çətinləşirdi. Azərbaycanda
da eyni vəziyyət müşahidə olundu. “Amma qətiyyətlə vurğulamalıyam
ki, jurnalistlərimiz sınaqdan üzüağ çıxdılar”, – deyən MŞ sədri
çıxışında həmçinin rəhbərlik etdiyi qurumun pandemiya müddətində
jurnalistlərin peşə fəaliyyətinə dair 5 tövsiyə mətni yaydığını,
media təmsilçilərinin “COVID-19” infeksiyasına qarşı
vaksinasiyasını təşkil etdiyini deyib.

Ə.Amaşovun çıxışının ikinci hissəsi hesabat müddətində
Azərbaycan Mətbuat Şurasının gördüyü işlərlə bağlı olub. Şura sədri
bildirib ki, 2021-ci ildə MŞ-yə kütləvi informasiya vasitələrinin
fəaliyyətindən 109 şikayət daxil olub. Katiblik 109 şikayətlə
əlaqədar araşdırma aparıb. İlkin mərhələdə 45 məsələ həllini tapıb,
tərəflər arasında anlaşma əldə olunub. Digər 64 halda şikayətçi və
cavabdeh tərəf arasında razılığa gəlinmədiyindən, toplanmış
materiallar baxılmaq üçün Şuranın Şikayətlər üzrə Komissiyasına
təqdim edilib. Şikayətlər üzrə Komissiyada 64 məsələyə baxılıb ki,
bunlar da sonradan Şuranın İdarə Heyəti tərəfindən qərar kimi qəbul
edilib.

MŞ sədri əlavə edib ki, şikayətlərin 73,5 faizini internet xəbər
portallarndan, 21,2 faizini informasiya agentliklərindən, 4,3
faizini qəzetlərdən, yalnız 1 faizini isə jurnallardan narazılıqlar
təşkil edib. Şikayətçilərin 39,9 faizi KİV-lərin materialda qarşı
tərəfin mövqeyini işıqlandırmamasından, 31,3 faizi işgüzar
nüfuzlarının ləkələnməsindən, 19,3 faizi şərəf və ləyaqətlərinin
təhqirindən narazılıqlarını bildiriblər. Narazılıqların 9,5 faizi
isə digər məsələlərlə əlaqədar olub. Həmçinin şikayətçilərin 23,4
faizi media orqanının yayımladığı materialı silməsini, 21,8 faizi
üzr istəməsini, 19,1 faizi təkzib verməsini, 17,3 faizi qarşı tərəf
kimi öz mövqelərinin işıqlandırmasını, 11,9 fazi digər qanuni ölçü
tədbirinin görülməsini tələb ediblər. 6,6 faiz isə cavabdeh KİV-in
fəaliyyətinin dayandırılmasını istəyib. Mətbuat Şurasının cavabdeh
KİV-lərlə bağlı tədbirlərinə gəldikdə, Şura onların 39,9 faizinin
təkzib verməli, 37,1 faizinin qarşı tərəfin mövqeyini
işıqlandırmalı olduğuna, 9,6 faizinin şikayətə səbəb olmuş
materialı silməsinə dair qərar çıxarıb. MŞ habelə məsələnin hüquqi
müstəvidə araşdırılmasının zəruriliyi ilə bağlı şikayətçi tərəfi
məlumatlandırıb ki, bunun da faiz nisbəti 13,4-dür.

Qeyd edək ki, Ümümdünya Mətbuat Şuraları Assosiasiyasının
Keniyanın paytaxtı Nayrobidə təşkil olunan növbəti illik toplantı
öz işinə mayın 3-də start verib. Tədbir bu gün də davam edəcək.

Teqlər: