Xəbər - Samir Əli – Trend:
Azərbaycan bu virusla mübarizə naminə bütün milli potensialları ən kamil səviyyədə səfərbər edən ölkə oldu. Əhalinin vaksinləşmə səviyyəsinə görə Azərbaycanın MDB məkanında liderliyi 2020-ci ilin ilk günlərindən həyata keçirilməkdə olan hərtərəfli dövlət siyasətinin məntiqi nəticəsidir.
Bunu AzerTimes-a açıqlamasında “Bakı xəbər” qəzetinin baş redaktoru Aydln Quliyev deyib. O bildirib ki, Azərbaycan bu siyasəti hər bir vətəndaşın həyat və sağlamlıq mənafelərini əsas tutaraq həyata keçirdi: “Azərbaycanın COVİD-19-la mübarizəsi “hər kəsin virusdan müdafiəsi bütün cəmiyyətin virusdan xilasının əsas şərtidir” prinsipinə söykəndi. Məhz bu səbəbdən Azərbaycanın antikorona strategiyası nəticəli, ibrətamiz, metodiki və fundamental xarakter daşıyır.
Koronavirusla mübarizənin bütün tarixi ərzində Azərbaycanın hamı ilə müqayisədə ən tez və az itkisiz nail olduğu bir neçə ilk nailiyyətin adını çəkmək və qürur duymaq olar. 2020-ci ilin ilk həftələrindən Azərbaycan bu virusla mübarizə naminə bütün milli potensialları ən kamil səviyyədə səfərbər edən ölkə oldu. Məhz Azərbaycanın bu nailiyyəti ilə yaxşı tanış olan dövlətlər qəbul etdilər ki, virusla mübarizənin tək milli çərçivələrdə aparılması tam uğurları təmin edə bilməz. Azərbaycan pandemiya ilə mübarizədə bütün qlobal səylərin əlaqələndirilməsinin qaçılmaz olduğunu sübut və nümayiş etdirən ilk ölkə oldu. Azərbaycanın dövlət başçısı COVİD-19-a qarşı qlobal tədbirlərin keçirilməsi təşəbbüsü ilə çıxış edən və buna nail olan ilk dövlət başçısı oldu. Azərbaycanın pandemiya əleyhinə vaksinləşmə kampaniyasına ilkin ölkələr sırasında qatılması da ölkəmizin uğur göstəricilərindən sayılmalıdır”.
Baş redaktor qeyd edib ki, dünyada vaksin ədalətsizliyinin və böyük dövlətlərin vaksin acgözlüyünün hökm sürdüyü şəraitdə xalqımızın vaksinlə tam təminatına imkan verən ehtiyatların yaradılması dövlət başçısının hesablanmış və qabaqlayıcı təşkilatçılıq işlərinin əhəmiyyətli nəticəsi sayılmalıdır: “Bir sıra imkanlı ölkələrin öz əhali saylarını dəfələrlə üstələyən sayda vaksinləri ələ keçirdiyi şəraitdə Azərbaycanın hamıya yetər sayda vaksin ala bilməsi kiçik nailiyyət deyil və üstəlik, bir neçə mənbədən yetərli miqdarda vaksinin alınması Azərbaycan liderinin yüksək səviyyədə təmin etdiyi təhlükısizlik strategiyasıdır. Azərbaycan dövləti əhalini vaksinlə kəmiyyət və keyfiyyət baxımından yüksək təmin etməklə yanaşı, “bir vaksin mənbəyindən” asılılq təhlükəsini aradan qaldırmaq vəzifəsini də ideal səviyyədə həll etdi”.
A.Quliyev deyib ki, Azərbaycan ayrı-ayrı ölkələrə və ÜST xətti ilə qlobal pandemik mübarizəyə əməli töhfələr vermiş ölkələr arasında da ilklərdən oldu: “Azərbaycan prezidentinin kasıb və varlı ölkələr üçün vaksinə eyni çıxış şanslarının yaradılması çağırışları dünya tarixinin mütərəqqi humanist təmayülləri sırasında öz yerini mütləq qoruyacaq. Hazırda ölkəmiz antikorona məhdudiyyətlərinin ağıllı dozalarla sistemli olaraq aradan qaldırılması sahəsində də dünyanın öncül ölkələri sırasındadır. Bu gün Azərbaycan Prezidenti elə bir strategiya ilə işləri təşkil edir ki, həm yeni yoluxma riskləri mümkün qədər aşağı olsun, həm də ilyarım əvvəl fövqəladə rejimə düşmüş
həyatımız öz ənənəvi ritminə qayıda bilsin. Tək bu faktı qeyd edək ki, indi Azərbaycan yeni yoluxma riskinə, virusdan ölüm saylarına, vaksinləşmiş insanların ümumi əhali sayındakı nisbətinə və qorxulu Hindistan ştammlarının yayılmasına qarşı tədbirlərin məzmununa görə bütün qonşu ölkələrdən daha yaxşı vəziyyətdədir.
Azərbaycan məhdudiyyətlərin yumşaldılması siyasətini ən ağıllı dövlət platforması şəklində icra edir. Əhalinin könüllü vaksinləşmə prosesinə cəlb edilməsi sahəsində də Azərbaycan yüksək səviyyəli ictimai inandırma və təşviq təcrübəsinə malikdir. Dövlətin qoruyucu tədbirləri ilə əhalinin bu tədbirlərə uyğunlaşma templəri tam şəkildə üst-üstə düşür ki, bu da dövlətlə cəmiyyətin həqiqətən anlaşma içində olduğunu göstərir. Vaksinləşmə və pandemiya məhdudiyyətlərinin əlaqəli formada idarə edilməsi indiki mərhələdə Azərbaycanın əsas uğur şərtlərindən biridir.
Bütün mövcud şərtlər və əldə olunmuş nəticələr deməyə əsas verir ki, Azərbaycan postpandemiya dövrünü tam arxada qoyan ilk ölkələr sırasında olacaq”.
Ekspert qeyd edib ki, Azərbaycanın iddialı olduğu bu böyük hədəf cəmiyyətimizin könüllü vaksinləşmənin tam sonuna qədər məsuliyyətli davranışları sayəsində əldə edilə bilər.