Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbaycan COVİD-19 pandemiyasının yayıldığı ilk günlərdən effektiv, ardıcıl və düşünülmüş tədbirlər həyata keçirməklə bir çox ölkələrə nümunə göstərdi. Məhz dövlətin praqmatik, bütün mümkün ssenariləri nəzərə alan strateji yanaşması virusun böyük itkilərə səbəb olmasının qarşısını almağa imkan verib.
Bunu AzerTimes-a Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Soltan Məmmədov deyib.
Ölkədə səhiyyə sisteminin təkmilləşdirilməsi, müasir xəstəxanaların, tibb ocaqlarının qurulması istiqamətində mühüm addımlar atıldığını bildirən millət vəkili qeyd edib ki, son 17 il ərzində 750-dən çox xəstəxananın əsaslı təmir edilməsi və ya yenidən tikilməsi nəticəsində Azərbaycanda pandemiyaya qarşı mübarizənin düzgün təşkilinə imkan verən maddi-texniki baza mövcud olub:
“Təsadüfi deyil ki, “Qallap” sorğu şirkətinin apardığı sorğunun nəticələrində vətəndaşların 86 faizi Azərbaycan dövlətinin pandemiyaya qarşı mübarizəsini yüksək qiymətləndirib və bu göstəriciyə görə ölkəmiz dünyada 4-cü sırada qərarlaşıb”.
Onun sözlərinə görə, səhiyyə sistemində Prezident İlham Əliyevin rəhbərliyi altında ötən dövrdə aparılan islahatlar COVİD-19 virusuna yoluxmuş xəstələrin vaxtında xəstəxanaya yerləşdirilməsinə, müalicəsinin təşkilinə imkan yaradıb ki, bu da mümkün ölüm hallarının əsaslı dərəcədə azaldılması ilə nəticələnib:
“Azərbaycan Prezidentinin də dəfələrlə qeyd etdiyi kimi, dövlətin əsas hədəflərindən biri qara qızıl ehtiyatını insan kapitalına çevirməkdən ibarətdir. Cənab İlham Əliyev hər zaman vurğulayır ki, dövlətin həyata keçirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşları dayanır. Bu mənada ötən dövrdə səhiyyə sahəsində görülən böyük miqyaslı işlər, düşünülmüş islahatlar pandemiya dövründə vətəndaşların sağlamlığının qorunmasında həlledici rola malik olub. Çünki hər bir dövlətin gücü, vətəndaşına münasibəti də tibbi xidmətlərin inkişafına, təkmilləşdirilməsinə göstərdiyi diqqətin səviyyəsi, sərf etdiyi resursların miqyası ilə ölçülür”.
S.Məmmədov qeyd edib ki, Azərbaycan dövlətinin pandemiya dövründə həyata keçirdiyi siyasətin bir neçə əsas hədəfi olub: vətəndaşların sağlamlığını qorumaq, insanların sosial müdafiəsinə dəstək vermək, iqtisadiyyatda mümkün itkilərin qarşısını almaq və beynəlxalq birliyin məsuliyyətli üzvü kimi pandemiyaya qarşı qlobal mübarizədə fəal iştirak etmək. “Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan dövləti bütün gücü və imkanlarını bu hədəflərin maksimum keyfiyyətlə yerinə yetirilməsinə sərf edib və qarşıya qoyduğu vəzifələrin öhdəsindən uğurla gəlib”
Millət vəkili səhiyyə sahəsində indiyə qədər həyata keçirilmiş tədbirlərin icbari tibbi sığorta sisteminə keçid üçün geniş imkanlar yaratdığını da qeyd edib. O, bildirib ki, yeni sistemə keçid Azərbaycanda tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəlmsinə, əlçatanlığının təmin olunmasına imkan verəcək.