Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Medianın İnkişafı Agentliyinin media tərəfaşlığı ilə könüllülərin fərdi və peşəkar inkişafının təmin olunması, müxtəlif istiqamətlərdə nəzəri və praktiki təcrübə imkanlarının artırılması, idarəetmə potensiallarının təkmilləşdirilməsi və karyera quruculuğunun formalaşdırılmasına dəstək məqsədilə keçirilən Azərbaycan Könüllülərinin İnkişaf Proqramının açılış mərasimi baş tutub.
İttifaqdan AzerTimes-a verilən məlumata görə, bir sıra rəsmilərin, media nümayəndələrinin, eləcə də İttifaqa üzv təşkilatları təmsil edən könüllülərin iştirakı ilə baş tutan tədbirdə ölkəmizdə ilk dəfə keçiriləcək proqram haqqında ətraflı məlumat verilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev çıxış edərək qeyd edib ki, 3 ay müddətində davam edəcək proqram çərçivəsində könüllülərin fəaliyyətinin səmərəliliyinin artırılması, onların asudə vaxtının faydalı təşkili, öz ixtisaslarından əlavə müxtəlif peşə sahələri və istiqamətlər haqqında yeni biliklərə yiyələnməsi, dövlət strukturlarında iş prinsipinin mənimsənməsi, təşkilati idarəetmə, liderlik və ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi məqsədilə müxtəlif mövzularda silsilə təlimlərin keçirilməsi nəzərdə tutulub.
Bildirilib ki, proqram “Psixoloji hazırlıq”, “Fərdi inkişaf”, “Karyera planlaması”, “Layihələrin idarə olunması”, “Kargüzarlıq”, “Emosianal zəka”, “PR və SMM”, “Könüllülük” və bu kimi mövzuları əhatə edəcək təlim və təcrübə modullarından ibarət olacaq. Bundan əlavə, könüllülər İttifaqın həyata keçirdiyi layihələrin idarə olunmasında birbaşa iştirak etmək imkanı əldə edəcəklər. Modulları uğurla başa vurub praktiki sessiyalarda yüksək nəticə göstərən könüllülərə xüsusi sertifikat və hədiyyələr təqdim olunacaq, eləcə də növbəti mərhələdə karyera inkişafı istiqamətində dəstək göstəriləcək.
Proqramda qeydiyyat, imtahan, videomüraciət və müsahibə daxil olmaqla dörd mərhələli seçim prosesindən uğurla keçmiş, müxtəlif təşkilatları təmsil edən 21-26 yaşlı, ən azı bir illik könüllülük təcrübəsinə sahib olan, motivasiyalı və bacarıqlı 30 Azərbaycan könüllüsünün iştirakı nəzərdə tutulub.
Proqrama müraciət etmək istəyən könüllülər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: