Azərbaycan könüllüləri Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat veriblər

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Azərbaycan Könüllü Təşkilatları İttifaqı bəyanat yayıb.

Trend xəbər verir ki, bəyanatın əsas məqsədi erməni terrorçularının törətdiyi Xocalı soyqırımının tanınması ilə bağlı görülən işlərə dair ictimaiyyətə ətraflı məlumat vermək, bu qanlı cinayətə hüquqi və siyasi qiymət verilməsinə nail olmaq, bu məqsədlə bütün könüllüləri və vətəndaşları səfərbər etməkdir.

Sözügedən bəyanatda deyilir:

“Ölkədə fəaliyyət göstərən minlərlə könüllü adından Azərbaycan tarixinin ən faciəvi səhifələrindən biri – Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması, qan tariximizin gənc nəsil arasında təbliği və Xocalı soyqırımı qurbanlarının daim yad edilməsi ilə bağlı aşağıdakıları bəyan edirik:

  • Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aparılan “Xocalıya Ədalət” kampaniyasına qoşularaq, cəmiyyətimizi, xüsusilə də gənc nəsli cinayətkar xislətli erməni millətçilərinin XX əsrin sonunda bütün dünyanın gözü qarşısında Xocalı şəhərində xalqımıza qarşı törətdiyi soyqırımı haqqında maarifləndirmək hər bir könüllünün vəzifəsi olacaqdır!
  • Bir gecədə sırf azərbaycanlı olduğuna görə yüzlərlə dinc insanı amansızcasına qətl edən, minlərlə insana sağalmaz fiziki və psixoloji iztirab yaşadan və bunu dəfələrlə öz müsahibələrində, çıxışlarında vicdan əzabı çəkmədən və hətta fəxrlə etiraf edən Robert Köçəryan, Seyran Ohanyan, Serj Sarkisyan, Zori Balayan, Vitali Balasanyan və onlarla əlbir olan bütün cinayətkarlar dünya ictimaiyyətinə tanıdılacaqdır!
  • İştirak etdiyimiz bütün beynəlxalq tədbirlərdə, seminarlarda, görüşlərdə, xarici ölkələrə səfərlərdə, xarici həmyaşıdlarımızla təmaslarda Xocalı həqiqətlərini çatdıracaq, bu qanlı cinayətin müəlliflərinin ifşa edilməsi üçün mümkün olan hər şeyi edəcəyik!
  • Bütün xarici dostlarımızı, təmsil olunduğumuz regional və beynəlxalq platforma və təşkilatları Xocalı soyqırımının tanınması, erməni cinayətlərinin pislənməsi və soyqırımı qurbanlarının dəstəklənməsi ilə bağlı bəyanatlar verməyə çağıracağıq!
  • Ermənistan hərbi-siyasi rəhbərliyində olan insanların XX əsrin sonunda Avropa qitəsində soyqırımı cinayətinin təşkilatçısı və icraçısı olduğunu, bu ölkədə terrorun dövlət siyasətinin ayrılmaz parçası olduğunu və Azərbaycan xalqına qarşı son 30 ildə sistemli və ardıcıl olaraq cinayət törədildiyini ifşa edəcəyik!

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz Vətən müharibəsində tarixi qələbə qazanaraq ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Bu gün tarixi ədalətin bərqərar olması naminə Xocalı qətliamının təşkilatçıları və icraçıları da məhkəmə qarşısında dayanmalı, törətdikləri cinayətlərə görə cavab verməlidirlər. Bunu tələb etmək hər bir vicdanlı insanın mənəvi borcudur!

Xocalı soyqırımı qurbanlarının dəstəklənməsi, cinayətkarların beynəlxalq hüquqa uyğun olaraq məsuliyyətə cəlb olunması naminə milliyyətindən, dinindən, cinsindən və yaşından asılı olmayaraq, bəşəri dəyərlər və humanizm prinsiplərinə sadiq olan hər kəsi “Xocalıya Ədalət” Kampaniyasına qoşulmağa, Kampaniyanın sosial şəbəkə səhifələrində fəal olmağa çağırırıq!

Biz birlikdə güclüyük!”.

Teqlər: