Azərbaycan Kommunist Partiyası fəaliyyətinə xitam verdiyini açıqlayıb.
AzerTimes xəbər verir ki, bu barədə məlumat partiyanın yaydığı bəyanatda yer alıb.
Bəyanatda qeyd olunur ki, Azərbaycanda uzun illər mövcud olmuş və cəmiyyətin rifahına xidmət etmiş kommunizm ideyalarını davam etdirmək düşüncəsində olan insanların 1993-ci ildə təsis etdiyi, 02.03.1994-cü ildə rəsmi dövlət qeydiyyatına alınmış Azərbaycan Kommunist Partiyası 30 il ərzində əzmkar siyasi mübarizə yolu keçib:
“Ölkədə baş verən siyasi proseslərdə aktiv iştirak edən Azərbaycan Kommunist Partiyası Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunmuş və bələdiyyə seçkilərində seçicilərin etimadını qazana bilmişdir”.
Partiyanın bəyanatında daha sonra qeyd olunur ki, Azərbaycan Kommunist Partiyası öz hüquqi fəaliyyətini sona çatdırmağı qərara alib:
“Bu qərar hər bir üzvümüzün yekdil səsi ilə qəbul edilmişdir. Hər bir kommunist əqidəli üzvümüzə öz fəaliyyətlərində uğurlar arzulayırıq”.
Qeyd edək ki, bu ilin əvvəlindən etibarən Azərbaycanda fəaliyyətinə son verən partiyaların sayı 18-ə çatıb.