Azərbaycan komandası Bakıda FIG Dünya Kubokunda qrup hərəkətlərində ikinci finala yüksəlib

Bakıda keçirilən bədii gimnastika üzrə FIG Dünya Kubokunun
ikinci günü çərçivəsində qrup hərəkətlərində Azərbaycan komandası
üç lent və iki topla proqramın finalına yüksəlib.

Trend xəbər
verir ki, çıxışı Güllü Ağalarzadə, Ləman Əlimuradova, Zeynəb
Qummatova, Yelizaveta Luzan və Daria Sorokinadan ibarət komanda
təqdim edib. Azərbaycan komandası hakimlər tərəfindən 30,600 bala
layiq görülüb.

Üç lent və iki topla finala həmçinin İtaliya (31.350 xal),
İsrail (30.400 xal), Almaniya (27.000 xal), Yaponiya (26.300 xal),
Özbəkistan (25.950 xal), Qazaxıstan (23,800 xal), Estoniyanı
(21,850 xal) təmsil edən komandalar yüksəlib.

Xatırladaq ki, ilk təsnifat günündə Azərbaycan komandası beş
halqa ilə hərəkətlərin finalına çıxmışdır.

Qeyd edək ki, aprelin 22-dən 24-dək Bakıda Bədii Gimnastika üzrə
Dünya kuboku keçirilir.

Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi etdiyi
5-ci beynəlxalq yarışda 31 ölkədən 42-si fərdi və 84-ü qrup
komandasının (14 qrup) üzvü olmaqla 126 gimnast iştirak edir.

Yarışda ölkəmizi fərdi növdə Arzu Cəlilova və Zöhrə Ağamirova,
eləcə də Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva,
Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup
hərəkətləri üzrə komanda təmsil edir.

3 gün ərzində gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə
mübarizə aparacaqlar.

Ənənəyə uyğun olaraq, bu kubokda da ən çox icra xalını yığmış
gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku da təqdim
olunacaq.

Qeyd edək ki, bu, ölkəmizdə keçirilən bədii gimnastika üzrə 9-cu
Dünya kuboku yarışıdır. Xatırladaq ki, paytaxtımız 2005 və 2019-cu
illərdə bu növ üzrə dünya çempionatına və 8 Dünya kubokuna ev
sahibliyi edib.

Teqlər: