Azərbaycan-İtaliya münasibətləri hazırda heç zaman olmadığı qədər möhkəmdir – Sevil Mikayılova

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanla İtaliya arasında münasibətlər strateji xarakter daşıyır və iki ölkə arasında əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də humanitar sahədə dinamik inkişaf edir. Azərbaycan və İtaliya münasibətləri hazırda heç zaman olmadığı qədər möhkəmdir.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Deputat vurğulayıb ki, Azərbaycan yenidən müstəqilliyini qazandıqdan sonra İtaliya ilə çox səmərəli münasibətlər qurub və indiyə qədər dövlətlər arasında tərəfdaşlıq böyük inkişaf yolu keçib:

“Azərbaycan və İtaliya beynəlxalq müstəvidə də daim bir-birini dəstəkləyib, iki ölkə arasında böyük etimad formalaşıb. 30 ilə qədər davam edən Qarabağ münaqişəsi zamanı da İtaliya beynəlxalq qanunlara əsaslanaraq ədalətli mövqe nümayiş etdirib. 44 günlük Vətən müharibəsi zamanı da İtaliya Azərbaycanın haqlı mövqeyini dəstəklədi. Məhz bu dostluğun nəticəsidir ki, İtaliya işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinə cəlb edilən ilk ölkələrdəndir”.

S.Mikayılova bildirib ki, iki ölkə arasında iqtisadi sahədə də çox uğurlu əməkdaşlıq mövcuddur:

“İtaliya Azərbaycanın xarici ticarət dövriyyəsində mühüm yer tutur. Cari ilin yanvar-iyul aylarında Azərbaycanın neft-qaz məhsullarının ixracında İtaliya ilk yerdə qərarlaşıb. Belə ki, qeyd olunan müddət ərzində ixracın 38,2 faizi İtaliyaya reallaşdırılıb. Azərbaycanın məhsul idxalında da İtaliya ilk onluqda yer alır”.

Deputat vurğulayıb ki, Azərbaycanla İtaliya arasında əməkdaşlıq təkcə iqtisadi və siyasi deyil, eyni zamanda, bu əlaqələri daha da möhkəmləndirən güclü humanitar komponent üzrə aparılır: “Əminik ki, geniş əməkdaşlıq əlaqələrinin məhz bu formada davam etdirilməsi gələcəkdə daha effektiv nəticələr verəcək. İtaliyadan yüksək səviyyəli nümayəndə heyətlərinin Azərbaycana tez-tez səfərləri, eyni zamanda, İtaliyanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpa olunmasında fəal iştirakı, iqtisadi layihələrin həyata keçirilməsində aktivlik göstərməsi iki ölkə arasında münasibətlərdə yeni bir parlaq səhifə açır”.

S.Mikayılova əlavə edib ki, 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya çox uğurlu dövlət səfəri reallaşdı: “Bu səfər çərçivəsində bir sıra əhəmiyyətli sənədlər imzalandı. Bu sənədlərin fövqündə dayanan isə məhz “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” idi. Həmin sənədin imzalanması Azərbaycan-İtaliya münasibətlərinin növbəti illər üçün mükəmməl yol xəritəsini ortaya qoydu. Sənəddə həm siyasi, həm iqtisadi, həm də humanitar aspektlər öz əksini tapıb. Bu Bəyannamədən irəli gələn işlər artıq sürətlə həyata keçirilməyə başlayıb”.

S.Mikayılova iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da misilsiz xidmətləri olduğunu xüsusi vurğulayıb: “Vatikanla əlaqələrin inkişaf etdirilməsi istiqamətində Mehriban Əliyeva tərəfindən mühüm işlər görülüb. Bildiyiniz kimi, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Müqəddəs Sebastian katakombaları, Müqəddəs Marçellinio və Pietro katakombaları bərpa olunub və görülən bu işlərə görə Azərbaycanın Birinci vitse-prezidentinə böyük minnətdarlıq ifadə olunub”.

Deputat bilidirib ki, Azərbaycanla İtaliya arasında humanitar sahədə əməkdaşlıq xüsusi anlam daşıyır: “Bu mənada Mədəniyyət Mərkəzinin yaradılması barədə qərar çox mühüm bir addım idi. Həmçinin, bu əməkdaşlıq çərçivəsində İtaliya universitetinin yaradılması, o cümlədən, İtaliya ilə Azərbaycan arasında tələbə mübadiləsinin həyata keçirilməsi kimi planlar təhsil sahəsində əlaqələri gücləndirəcək.

Bütün bu işlər Azərbaycan və İtaliya xalqlarının yaxınlaşması, bir-birini daha yaxından tanıması və gələcəkdə daha geniş tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinin qurulması üçün çox vacib addımlardır. Ümumilikdə, humanitar istiqaməti əsas götürərək, xüsusilə, İtaliya və Azərbaycan arasında turizm, tələbə mübadiləsi, elm sahəsində əməkdaşlıq siyasi və iqtisadi sahələrdə münasibətlərimizin daha da dərinləşməsinə gətirib çıxara bilər”.

Teqlər: