“Azərbaycan-İtaliya: Çoxtərəfli Strateji Tərəfdaşlığa aparan yol” adlı konfrans keçirilib

2 aprel 2022-ci il tarixində İtaliya Respublikasının xarici
işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maionun Azərbaycana
rəsmi səfəri çərçivəsində ADA Universitetində iki ölkə arasında
diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr edilmiş
“Azərbaycan-İtaliya: Çoxtərəfli Strateji Tərəfdaşlığa aparan yol”
adlı konfrans keçirilib.

Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
Azərbaycan və İtaliya xarici işlər nazirlərinin çıxış etdikləri
konfransda Azərbaycanın təhsil naziri Emin Əmrullayev, energetika
naziri, Azərbaycan-İtaliya Hökumətlərarası Komissiyanın həmsədri
Pərviz Şahbazov, Milli Məclisin üzvləri, ADA universitetinin
rəhbərliyi, müəllim və tələbə heyəti iştirak edib.

Nazir Ceyhun Bayramov çıxışında İtaliya və Azərbaycan arasında
münasibətlərin qədim tarixə söykəndiyini və hazırda yüksək
səviyyədə inkişaf etdiyini qeyd edib. Hazırda iki ölkənin strateji
tərəfdaş olduğunu bildirən nazir, Azərbaycan və İtaliya arasında
siyasi, iqtisadi və mədəni sahələrdə geniş əməkdaşlıq gündəliyinin
mövcudluğunu məmnunluqla bildirib və bu münasibətlərin tarixində
qarşılıqlı ali səfərlərin mühüm rol oynadığını ifadə edib.

Münaqişənin həlli istiqamətində İtaliyanın ədalətli yanaşma
sərgiləməsini qeyd edən Ceyhun Bayramov, bu gün İtaliya
şirkətlərinin işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və
quruculuq işlərində aktiv rol oynadığını bildirib.

Azərbaycan və İtaliya arasında iqtisadi, humanitar sahədə geniş
əməkdaşlıq gündəliyinin mövcudluğunu qeyd edən nazir Ceyhun
Bayramov, COVID-19 pandemiyası ilə mübarizədə iki ölkənin
bir-birinə göstərdiyi dəstəyi məmnunluqla vurğulayıb.

Təhsil sahəsində iki ölkə arasında mövcud əməkdaşlığın nümunəsi
kimi bugün ADA Universitetində İtaliya-Azərbaycan Universitetinin
təməlinin qoyulmasını xüsusilə qeyd edən nazir Bayramov, Azərbaycan
və İtaliya arasında mövcud dinamik tərəfdaşlığın inkişafına töhfə
verəcək bu ali təhsil ocağına fəaliyyətində uğurlar arzu edib.

Nazir Luici Di Maio Azərbaycan ilə İtaliya arasında əlaqələrin
dostluq və strateji tərəfdaşlıq xarakteri daşıdığını qeyd edib və
Azərbaycanın İtaliyanın mühüm ticarət tərəfdaşlarından biri
olduğunu vurğulayıb. Cari səfərin iki ölkə arasında münasibətlərin
daha da inkişafına və dərinləşməsinə ciddi təkan verəcəyini
bildirib. Nazir təməli qoyulan İtaliya-Azərbaycan Universitenin
təhsil sahəsində və ümumiyyətlə, ikitərəfli münasibətlərdə inkişafa
müsbət töhfə verəcəyini ifadə edib.

Teqlər: