Azərbaycan İsveçrə və İsraildən bir sıra məhsulların idxalını məhdudlaşdırıb

İsveçrə və İsrailin bəzi bölgələrindən heyvan mənşəli və
quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub.

Qida Təhlükəsizliyi Agentliyindən
Trend
-ə verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı
Təşkilatının (OIE) məlumatına əsasən, İsveçrə Konfederasiyasının
Jura inzibati ərazi vahidində Nyukasl, İsrail Dövlətinin Qüds,
Hayfa və Cənub dairələrində isə dabaq xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu
heyvan xəstəliklərindən qorunması məqsədilə İsrailin Qüds, Hayfa və
Cənub dairələrindən diri heyvanların, heyvan mənşəli məhsulların və
xammalın idxalına, həmçinin tranzit daşınmasına müvəqqəti qadağa
qoyulub.

Eyni zamanda İsveçrənin Jura inzibati ərazi vahidindən OIE-nin
“Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən,
zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və inkubasiya
yumurtalarının, quş əti və hər növ quşçuluq məhsulları (Nyukasl
viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan
mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin
(bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış
yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması,
kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına,
habelə qeyd olunan ölkənin həmin inzibati ərazi vahidindən diri
quşların Azərbaycan ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət
tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə
habelə İsveçrə və İsraildən gələn, yaxud tranzitlə keçən nəqliyyat
vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət
Gömrük Komitəsinə müraciət olunub.

Teqlər: