Azərbaycan-İsveçrə parlamentlərarası əlaqələr üzrə işçi qrupun görüşü keçirilib

Sentyabrın 24-də Milli Məclisin Azərbaycan-İsveçrə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri arasında onlayn formatda görüş keçirilib.

Parlamentdən AzerTimes-a verilən məlumatına görə, qrupun rəhbəri, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova tədbiri açaraq İsveçrə ilə dostluq qrupunun Milli Məclisin ən böyük qruplarından biri olduğunu qeyd edib.

O, İsveçrə və onun parlamenti ilə əlaqələrin mövcud vəziyyətindən söz açıb, iki ölkə arasında əlaqələrin inkişafına dostluq qruplarının verə biləcəyi töhfələrdən danışıb. Vətən Müharibəsinin bir ilinin tamam olması ilə bağlı keçiriləcək tədbirləri qeyd edən Hicran Hüseynova Azərbaycan-İsveçrə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun görə biləcəyi işlər barədə fikirlərini açıqlayıb.

Toplantıda Milli Məclisin komitə sədri Tahir Mirkişili, deputatlar Vahid Əhmədov, Əli Məsimli, Elnur Allahverdiyev, Mahir Abbaszadə, Asim Mollazadə, Aqiyə Naxçıvanlı, Sevil Mikayılova çıxış edərək İsveçrə və Azərbaycan arasında iqtisadi, siyasi və humanitar sahələrdə əldə edilən uğurları qeyd ediblər.

Müzakirələrdə müharibə və postmüharibə dövrünün reallıqları, Azərbaycanın regionda sülhün və inkişafın möhkəmləndirilməsinə xidmət edən ardıcıl səyləri haqqında informasiyanın İsveçrə cəmiyyətinə və parlamentinə dolğun şəkildə çatdırılmasının yolları araşdırılıb. Bu kontekstdə parlamentlərarası münasibətlərin inkişaf perspektivləri və bir sıra məsələlərin parlamentlərarası qruplar vasitəsilə həlli barədə fikir mübadiləsi aparılıb.

Onlayn iclasda deputatlar Bəxtiyar Əliyev, Aydın Hüseynov, Pərvin Kərimzadə, Soltan Məmmədov, Könül Nurullayeva da iştirak ediblər.

Teqlər: