Azərbaycan Ukraynanın İrpen şəhərinin bərpasında iştirak edəcək.
AzerTimes Ukraynanın Prezident Ofisinin saytına istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş səfiri Seymur Mərdəliyevi qəbul edərkən deyib.
Seymur Mərdəliyevi Ukraynada diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən Zelenski Azərbaycanın Ukraynanın ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə görə minnətdarlığını bildirib.
Vladimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə ən səmimi təbriklərini çatdırıb və onların Kişinyovdakı son görüşlərinin məhsuldar keçdiyini, qarşılıqlı maraq doğuran bir çox məsələləri müzakirə edə bildiklərini qeyd edib:
“Xüsusilə, biz Azərbaycanın İrpen şəhərinin bərpasında iştirakına razılaşdıq”.
“Bizim komandalarımız artıq bu sazişin həyata keçirilməsi üzərində işləyir. Bu, Ukraynanın müharibədən sonrakı bərpasına konkret töhfə olacaq”, – dövlət başçısı vurğulayıb.
Ukrayna Prezidenti, həmçinin Rusiyanın təcavüzündən əziyyət çəkən ukraynalıların Azərbaycanda səmimi qəbuluna görə təşəkkür edib.
O, Rusiyanın silahlı təcavüzünün nəticələrinin, xüsusən də Rusiya Federasiyasının Kaxovka Su Elektrik Stansiyasında törətdiyi texnogen fəlakətin aradan qaldırılmasında Azərbaycanın göstərdiyi humanitar yardıma görə minnətdarlığını bildirib. Vladimir Zelenski Azərbaycanın Ukrayna sülh formulunun həyata keçirilməsində fəal iştirakına və Qlobal Sülh Sammitində iştirakına ümid etdiyini söyləyib.
Prezident Azərbaycan iş adamlarını indidən infrastruktur və enerji layihələrinin icrasına qoşulmağa dəvət edib.