Azərbaycan İran üçün çox önəmli ölkədir – Nazir müavini

Xəbər - Elnur Bağışov – Trend:

Azərbaycan İran üçün çox önəmli və əhəmiyyətli ölkədir.

AzerTimes-ın məlumatına görə, bunu İran xarici işlər nazirinin müavini Seyid Abbas Əraqçı İranın Qum şəhərində keçirilən 17 Rəbi-Əvvəl Beynəlxalq Qarabağ Konfransında deyib.

S.A.Əraqçının sözlərinə görə, hal-hazırda Azərbaycan və İranın münasibətləri yüksək səviyyədədir və iki ölkə arasında bu münasibətlərin davam etdirilməsi üçün addımlar atılır. Bu münasibətlər yaxşı qonşuluq siyasəti çərçivəsində aparılır.

Nazir müavini bildirib ki, iki ölkə arasında müxtəlif sahələrdə birgə layihələr icra olunub və olunmaqdadır. Səhiyyə turizmi və sərhəd mübadilələrini buna misal göstərmək olar.

S.A.Əraqçı əlavə edib ki, Qarabağ münaqişəsi başlandığı vaxtdan İran Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsini dəstəkləyib: “İran Azərbaycan ərazilərinin işğalda olduğu müddətdə həmişə bu ərazilərin işğalına qarşı olub. Bunun bariz nümunəsi Xudafərin su bəndinin inşa edilməsi ilə əlaqədar Azərbaycanla İran arasında müqavilənin imzalanmasını göstərmək olar. Bu su bəndi inşa edildiyi vaxt işğal olunmuş ərazilərdə olsa da, Azərbaycanla İran arasında müqavilə İranın Ermənistanın işğalçılığına qarşı olduğunu göstərir. Bununla əlaqədar Ermənistan tərəfi ilə müzakirə aparıldı və onların su bəndi ərazisini tərk etmələri və heç bir müdaxilə etməmələri istənildi. Artıq bu su bəndi İran və Azərbaycan münasibətlərinin simvoluna çevrilib.

Qeyd edək ki, bu gün İranın Qum şəhərində “17 Rəbi-Əvvəl Beynəlxalq Konfransı işə başlayıb. Konfransa İranın xarici işlər nazirinin müavini Seyid Abbas Əraqçı, Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi, Qum Dini Elmlər Seminariyasının müdiri Əlirza Ərafi, İranın Məsləhət Şurasının katibi Möhsün Rzayi, İranın Ali Liderinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyid Həsən Amili, İranın Ali Liderinin Şərqi Azərbaycan vilayəti üzrə nümayəndəsi Seyid Məhəmməd Əli Al Haşem, İran və Azərbaycan parlamenti dostluq qrupunun sədri Əli Nikzad, Belarus, Rusiya, Gürcüstan, Ukrayna nümayəndələri qatılıblar.

Teqlər: