Xəbər - Elnur Bağışov – Trend:
Azərbaycan və İran arasında ticarət və iqtisadi əlaqələr hər il
yüksələn istiqamətdə inkişaf edir.
Bunu AzerTimes-a özəl müsahibəsində Azərbaycanın İrandakı səfiri Əli
Əlizadə deyib.
Ə.Əlizadənin sözlərinə görə, hazırda Azərbaycanın aidiyyəti
qurumları Fars körfəzi – Qara dəniz marşrutunda iştirakla bütün
tərəflərlə müzakirələr aparır. Artıq Fars körfəzi – Qara dəniz
marşrutunun yaradılması ilə əlaqədar müzakirələr aparılır. Bununla
bağlı üzvlüyü təklif olunan dövlətlər tərəfindən bütün məsələlərə
baxılıb. Həmçinin Azərbaycanın da bu marşrutda iştirak etməsi
təklif olunub. Əgər ölkəmizin mənafeyinə, ölkəmizin maraqlarına
uyğun olarsa, sözsüz ki, Azərbaycanın da bu marşrutu iştirakı təmin
olunacaqdır.
Səfir qeyd edib ki, İran, Azərbaycan və Rusiya arasında
Şimal-Cənub enerji dəhlizinin yaradılmasına münasibət bildirən
səfir qeyd edib ki, bununla bağlı layihə üzərində işlər aparılır.
Bununla əlaqədar 22 fevralda Qətərin Doha şəhərində Azərbaycan,
İran və Rusiya energetika nazirlərinin görüşü baş tutub və
müzakirələr aparılıb. Həmçinin Azərbaycan və İran arasında
ikitərəfli görüşlər keçirilib və müzakirələr aparılıb. Eyni zamanda
işçi qrupları səviyyəsində video-formatda müntəzəm görüşlər
keçirilir. Hər üç ölkə bu layihənin həyata keçirilməsini
dəstəkləyir. Bu layihə ilə bağlı lazımi layihələndirmə işlərini
İranın “Monenko” Şirkəti həyata keçirərək təqdim etməlidir.
Azərbaycanın aidiyyəti orqanları bunu dəyərləndirəcəklər.
Hal-hazırda bu istiqamətdə də işlər gedir. Biz əminik ki, yaxın
gələcəkdə bu layihənin də həyata keçirilməsi baş tutacaq.
“İnanırıq ki, Azərbaycan və İran arasında Astaraçay üzərində
yeni körpünün tikintisi qıza zaman kəsiyində başa çatdırılaraq
istifadəyə veriləcək. Astaraçay üzərində təməli qoyulmuş yeni
körpünün tikintisi artıq başlanılıb və sürətlə davam edir. Bu körpü
həm nəqliyyat vasitələrinin, həmçinin insanlarımızın
gediş-gəlişinin rahatlığını təmin edəcək. Eyni zamanda
Azərbaycan-İran əlaqələri, ticari və iqtisadi əlaqələri hər il
yüksələn istiqamətdə inkişaf edir.
Sərhədlərimizdə ticarət üzrə yaranan sıxlıqlar nəzərə alınaraq
hər iki ölkənin hökumətləri tərəfindən yeni körpülərin salınması
qərara alınıb. Bunlardan biri də Astara-Astara körpüsüdür ki,
təməli qoyulub. Biz əminik ki, gələcəkdə bu körpü vasitəsi ilə
ticarət və iqtisadi əlaqələrimizin artmasına öz töhfəsini verəcək”,
– deyə o qeyd edib.
Səfir qeyd edib ki, məlum olduğu kimi Azərbaycan və İran
prezidentlərinin Türkmənistan paytaxtı Aşqabadda görüşü
çərçivəsində Türkmənistan qazının İran vasitəsi ilə Azərbaycana
svop edilməsi üzrə saziş imzalanıb. Artıq bu ilin əvvəlindən bu
layihənin icrasına başlanıb və həyata keçirilir. Bununla bağlı həm
ikitərəfli, həm də üçtərəfli formatda çox yaxşı əməkdaşlıq
mövcuddur. Xəzər dənizində neft yataqlarının birgə işlənilməsi ilə
bağlı Azərbaycan və İran arasında müzakirələr aparılır. Neft
yataqlarının işlənməsi ilə bağlı İran tərəfinin təklifləri olub.
Sözsüz ki, bu təklifləri aidiyyəti orqanlarımız dəyərləndirirlər.
Bu yaxınlarda Bakıda keçiriləcək Azərbaycan-İran Hökumətlərarası
Birgə İqtisadi Komissiyasının növbəti iclasında çox güman ki,
layihələrlə bağlı təkliflər yenilənərsə, müzakirə olunacaq və
aidiyyəti orqanlarımız tərəfindən gələcək perspektivi müəyyən
olunacaq.
Əlizadənin sözlərinə görə, Azərbaycanın işğaldan azad olunmuş
ərazilərində İran şirkətlərinin fəaliyyəti ilə bağlı həm Azərbaycan
tərəfinin təklifi və dəvəti olub, həm də İran tərəfi də quruculuq
və bərpa işlərində iştiraka çox maraqlıdır. Əgər hər hansı İran
şirkəti Azəbaycanın işğaldan azad olunan ərazilərində sərmayə
yatırmaq və investisiya qoymaq istəyərsə, Azərbaycanın aidiyyəti
orqanları vasitəsi ilə öz işlərini həyata keçirə bilər. İki ölkənin
Hökumətlərarası Birgə İqtisadi Komissiyanın iclasından öncə iş
adamlarının birgə görüşü planlaşdırılır. Həmin görüşdə iş
adamlarının bu imkanlarla tanış olması nəzərdə tutulur ki, həmin
imkanlarla tanış olduqdan və öyrəndikdən sonra öz fikirlərini bizə
bildirəcəklər.
“İranın Təbriz və Urmiya şəhərlərinə səfərim zamanı, Şərqi
Azərbaycan və Qərbi Azərbaycan vilayətlərinin başçıları, hökumət və
qeyri-hökumət təşkilatları, ticarət palatalarının nümayəndələri ilə
görüşlərimdə müzakirələrimiz oldu və İran şirkətlərini işğaldan
azad olunan ərazilərimizə sərmayə yatırmağa, investisiya qoymağa
dəvət etdik ki, bərpa və quruculuq işlərində iştirak etsinlər.
Artıq bir neçə şirkət öz marağını göstərib, hal-hazırda onlar
layihələri öyrənirlər, imkanlarını araşdırırlar, sözsüz ki, hər iki
tərəfi qane edərsə, bu layihələrin həyata keçirilməsi baş tutacaq.
Təbrizin Traktorsazi Şirkəti də işğaldan azad olunmuş ərazilərdə öz
filialını yaratmağa maraq göstərib”, – deyə o qeyd edib.