“Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə nəticəsində Cənubi Qafqazda yaranmış yeni reallıqlar regional əməkdaşlıq üçün yeni, daha geniş perspektivlər açmış oldu. Prezident İlham Əliyev dəfələrlə öz çıxış və bəyanatlarında vurğulayıb ki, yaranmış imkanlardan bütün region ölkələri və qonşu dövlətlər yararlana biləcəklər. Bunun üçün, ilk növbədə, yeni reallıqları olduğu kimi qəbul etmək və regional əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi məsələsinə də məhz bu aspektdən yanaşmaq lazımdır”.
Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib. Millət vəkili qeyd edib ki, bu gün digər qonşu dövlətlər kimi, İran İslam Respublikasının da Azərbaycanla əməkdaşlıq çərçivəsini daha da genişləndirmək niyyətini nümayiş etdirməsi çox müsbət tendensiyadır.
“Məlum olduğu kimi, Azərbaycan-İran münasibətləri dərin tarixi köklərə malikdir. Həmçinin müasir dövrdə də bu münasibətlər ticari və iqtisadi sahələrdə dinamik şəkildə inkişaf edir. Bu gün Azərbaycanın işğaldan azad edilmiş ərazilərində gedən bərpa-quruculuq işlərinə İran şirkətlərinin də cəlb olunması hər iki tərəf üçün müsbət hal olacaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən bu məsələyə toxunaraq regional əməkdaşlığın formalaşdırılması və genişləndirilməsi üçün bir müddət əvvəl yaradılmış 3+3 əməkdaşlıq platformasının əhəmiyyətini vurğulamışdır. Həqiqətən də Vətən müharibəsindən sonra Cənubi Qafqazda regional əməkdaşlıq üçün çox gözəl imkanlar yaranıb. Bu baxımdan müharibədən sonrakı dövrdə İran-Azərbaycan əlaqələrinin də bu istiqamətdə daha da inkişaf edəcəyi gözlənilən və arzu olunandır”, – deyə K.Qafarov bildirib.
Millət vəkili Azərbaycanla İran arasında əməkdaşlıq əlaqələrinin bütün regionda sülhün və sabitliyin möhkəmlənməsinə, ümumi inkişafın sürətlənməsinə gözəl töhfələr verəcəyini vurğulayıb.
“Azərbaycan hər zaman regional sülhün və inkişafın tərəfdarı olub və bu istiqamətdə mütəmadi olaraq səmərəli təşəbbüslər irəli sürüb. Bu təşəbbüslər təkcə Azərbaycan xalqının deyil, bütün region ölkələrinin və qonşu dövlətlərin xalqlarının rifahına və tərəqqisinə xidmət edib. Bu gün də Azərbaycan eyni siyasəti həyata keçirməkdə davam edir. O cümlədən, Vətən müharibəsindən sonra ölkəmizin irəli sürdüyü beynəlxalq nəqliyyat layihələri bütün regionun inkişafına, Avropaya çıxışın daha rahat marşrutlarının yaranmasına xidmət edəcək. Qonşu İran dövlətinin də həmin layihələrdə, eyni zamanda Azərbaycanın azad olunmuş ərazilərində gedən bərpa-quruculuq işlərində iştirakı bütün regionda sülhün və sabitliyin möhkəmlənməsinə, ümumi inkaşafın sürətlənməsinə gözəl töhfələr verəcək. Bu baxımdan diqqətəlayiq haldır ki, İran nümayəndə heyətinin Azərbaycana səfəri məhz azad edilmiş torpaqlardan başlayıb. Onlar İrandan birbaşa Füzuliyə- Füzuli Beynəlxalq Hava Limanına təyyarə ilə gəlmiş və Füzulidən sonra Zəngilanda da olmuşlar. Səfər çərçivəsində qonaqlar Zəngəzur dəhlizinin yaradılması üçün aparılan işlərlə də tanış olmuşlar. Bu isə öz növbəsində İran dövlətinin Azərbaycan tərəfindən irəli sürülmüş növbəti beynəlxalq nəqliyyat layihəsində maraqlı olduğunu nümayiş etdirir.
Sevindirici haldır ki, artıq Ermənistan tərəfindən də onların yeni reallıqları qəbul etməyə hazır olduqlarına dair müsbət xəbərlər daxil olmaqdadır. Dövlət başçımız bu məsələni də xüsusi olaraq vurğulamış və bildirmişdir ki, Ermənistanın bu işlərə qoşulmağı planlaşdırmasına dair daxil olan məlumatlar bundan sonra bütün region üçün yeni imkanlar açılacağını deməyə əsas verir. Prezident İlham Əliyev İran İslam Respublikasının bu işlərə töhfəsinin çox önəmli olduğunu qeyd edib. Bu baxımdan da ölkələrimiz arasında həyata keçiriləcək layihələr, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması, Xudafərin Su Elektrik stansiyasının, Astaraçay üzərində körpünün inşa edilməsi xüsusi əhəmiyyət kəsb edən məsələlər kimi diqqət mərkəzində saxlanılır”, – deyə Kamaləddin Qafarov öz fikirlərini tamamlayıb.