Azərbaycan-İran diplomatik münasibətlərinin 30-cu ildönümü ilə bağlı tədbir və sərgi keçirilib (FOTO)

14 mart 2022-ci il tarixində Azərbaycan Respublikasının Xarici
İşlər Nazirliyində Azərbaycan Respublikası və İran İslam
Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu
ildönümü münasibətilə tədbir və sərgi keçirilib.

Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, tədbirdə
AR XİN rəhbər heyəti, İran İslam Respublikasının Azərbaycan
Respublikasındakı Səfirliyinin rəhbərliyi və əməkdaşları, habelə
Azərbaycanda fəaliyyət göstərən bir neçə şirkətin rəhbərləri
iştirak edib.

Tədbir hər iki ölkənin dövlət himnlərinin səslənməsi ilə
başlayıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının xarici işlər
nazirinin müavini Elnur Məmmədov Azərbaycan və İran arasında mövcud
tarixi bağlar, birgə dəyərlər və adət-ənənələrin ikitərəfli
əlaqələrin yüksələn xətt üzrə inkişafına şərait yaratdığını
bildirib. Nazir müavini, 44 günlük Vətən müharibəsi nəticəsində
Azərbaycanın öz ərazi bütövlüyünü, o cümlədən Azərbaycan-İran
sərhədini bərpa etməsini və Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin iki ölkə arasında sərhədi dostluq sərhədi
adlandırmasını xüsusi olaraq vurğulayıb. E. Məmmədov, post münaqişə
mərhələsində regionda nəqliyyat-kommunikasiya xətlərinin
açılmasının bölgənin sülh və inkişafına töhfə verəcəyini qeyd
edib.

Daha sonra çıxış edən İranın Azərbaycandakı səfiri Seyid Abbas
Musəvi dost, qardaş, qonşu Azərbaycan və İran arasında diplomatik
əlaqələrin qurulması münasibətilə öz səmimi təbriklərini çatdırıb.
Səfir, həmçinin 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın
ərazi bütövlüyünün təmin olunması naminə canlarından keçən
şəhidləri hörmətlə anıb. Seyid Abbas Musəvi, Azərbaycan və İran
arasında beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər
Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində geniş əməkdaşlığı
məmmunluqla vurğulayıb.

Tədbirin sonunda iştirakçılar Azərbaycan və İran arasında
diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş sərgi ilə tanış
olublar.

Teqlər: