Xəbər - Elçin Mehdiyev – Trend:
COVID-19 pandemiyası dövründə 4 istiqamət üzrə 12 sahə üzrə icra
olunan sosial dəstək paketi ölkə əhalisinin 48 faizini və ya 4,8
milyon nəfəri əhatə edib.
AzerTimes-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi
naziri Sahil Babayev Bakıda “MDB-də sosial islahatlar: trendlər,
potensiallar, həllər” mövzusunda beynəlxalq konfransda deyib.
Nazir bildirib ki, məqsədyönlü iqtisadi-sosial tədbirlər
nəticəsində 2021-ci ilin sonuna Azərbaycan iqtisadiyyatı
pandemiyadan əvvəlki göstəricilərini bərpa edib, ÜDM 5,6 faiz
artıb, işsizlik səviyyəsi 7,2 faizdən 6 faizə enib.
Nazir vurğulayıb ki, 2020-ci ildə 44 günlük müharibə nəticəsində
Azərbaycan beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü bərpa
edib. Postmüharibə dövründə ölkəmizdə müharibədən zərər çəkmiş
mülki əhali, eləcə də şəhid ailələri və müharibədə yaralanmış
insanlarla bağlı sosial dəstək tədbirləri 45 minə yaxın insanı
əhatə edib, onlara 50 minə yaxın sosial xidmət göstərilib.
S.Babayev DOST konsepsiyası və onun sosial xidmətlərdə vətəndaş
məmnunluğuna nail olunmasına şərait yaratdığı barədə məlumat verib.
O, həmçinin Nazirliyin 174 xidmətindən 110-nun
rəqəmsallaşdırıldığını, 46-sının hazırda proaktiv qaydada həyata
keçirildiyini, bu ilin sonuna kimi daha 50 xidmətin
elektronlaşdırılacağını, Nazirlik üzrə xidmətlərin 90%-nin
e-platformaya keçirilməsinin hədəf olduğunu vurğulayıb.