Prezident İlham Əliyevin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında Sərəncamı imzalaması dövlətin idarəolunmasında strateji planlamanın təcəssümüdür. Risklərin azalmasına, sahələrin sürətli inkişafına, həmçinin istiqamətlər üzrə sahəvi prioritetlərin müəyyən olunmasına xidmət edən sözügedən strateji idarəetmə metodu, eyni zamanda ölkəmizin gələcək inkişaf mənzərəsini də müəyyən edir.
Bunu AzerTimes-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
Deputat bildirib ki, Azərbaycan iqtisadiyyatda dayanıqlı inkişaf modelini tərənnüm edən ölkədir. Uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər, milli və multikultural dəyərlər qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir. Bu dövrdə ölkədə həyata keçirilən məqsədyönlü sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın güclənməsini və müasirləşməsini təmin edib. Son 17 ildə dinamik inkişaf əsasında ölkə iqtisadiyyatının həcmi 3 dəfədən çox böyüyüb, güclü sosial-iqtisadi infrastruktur yaradılıb, pozitiv demoqrafik artım şəraitində yoxsulluq səviyyəsi əhəmiyyətli azalıb. Mövcud maliyyə imkanları tarixi maksimuma çatdırılıb və ölkə yuxarı orta gəlirli dövlətlər qrupunda möhkəmlənib. Sənəddə bildirilir ki, artan iqtisadi güc Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarını dəyişdirməyə qadir böyük layihələrin təşəbbüskarı olmaq imkanı verib. Ölkə regional iqtisadiyyatın lokomotivi olaraq dünyanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşlarından birinə çevrilib.
T.Cəfərova xüsusilə vurğulayıb ki, milli maraqlar, yeni reallıq və müasir dövr milli iqtisadiyyatımız üçün yeni strateji vəzifələri diktə edir. Milli sosial rifah səviyyəsinin davamlı artması məqsədilə yüksək, dayanıqlı, inklüziv və başlıca olaraq özəl təşəbbüslərə arxalanan iqtisadi artımın sürətlənməsi, azad edilmiş ərazilərə əhalinin qayıdışının təmini Azərbaycanın yeni inkişaf magistralının ideoloji nüvəsini təşkil edir. Bütün bunlar Azərbaycanın regionda iqtisadi rolunu yüksəldib, xarici təsirlərə davamlı olmasına və müstəqil dövlət kimi suverenliyinin bərpasına möhkəm zəmin yaradıb. Əldə edilən iqtisadi üstünlük, uzun illər formalaşdırılmış ictimai-siyasi və sosial-iqtisadi bünövrə ölkənin hərbi qüdrətini də yüksəldib. Bu nailiyyətlər torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpası ilə nəticələnən tarixi qələbəyə transformasiya olunub. 2020-ci il noyabrın 10-da imzalanmış tarixi Bəyanatla Azərbaycanın siyasi və iqtisadi suverenliyinin təmini işğaldan azad edilmiş ərazilərin mövcud iqtisadi potensialından xalqımızın rifahı üçün tam istifadə olunmasına geniş imkanlar yaradır.
Sərəncamda, həmçinin qeyd edilir ki, müstəqil və suveren Azərbaycan dövləti postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2021‒2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olur. Ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnən yeni strateji dövrdə dərin struktur-institusional islahatlar hesabına yüksək iqtisadi artım mənbələrinin tapılması vasitəsilə Azərbaycan dövlətinin qüdrətinin daha da artırılması, yüksək rifah cəmiyyətinin qurulması, azad edilmiş bölgələrə tarixi qayıdış və əbədi məskunlaşma təmin edilməlidir. Qlobal iqtisadi reallıqlar, eləcə də yeni inkişaf mərhələsində qarşıya qoyulmuş məqsədlər ölkənin uzunmüddətli inkişaf vektorunun, əsas sosial-iqtisadi inkişaf istiqamətlərinin və buna uyğun milli prioritetlərin müəyyən olunmasını tələb edir.
Təsdiq olunmuş sənəd dövlətin növbəti strateji prioritetlərini müəyyən edib. Bu prioritetlər dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi kimi 5 mühüm istiqaməti əhatə edir. Milli Prioritetlərin mütləq üstünlüyünə diqqət çəkən millət vəkili qeyd edib ki, növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafında müəyyən olunmuş beş milli prioritetinin qorunması və reallaşdırılmasına xidmət etmək Azərbaycanda yaşayan hər bir şəxsin vətəndaşlıq vəzifəsidir.
“Həmçinin, onu qeyd edim ki, bu milli prioritetlər Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir” – deyə, T.Cəfərova əlavə edib.