Xəbər - Çingiz Səfərli – Trend:
Azərbaycan həm iqtisadi, həm sosial, həm də ictimai hadisələrə böyük diqqət göstərən bir ölkədir.
Trend xəbər verir ki, bunu Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sabiq rəhbəri, Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumundan öncə jurnalistlərə açıqlamasında deyib.
O, bildirib ki, bu baxımdan Bakıda keçiriləcək “COVID-19-dan sonrakı dünya” adlı qlobal forum əhəmiyyətli rola malikdir:
“Forumda COVID-19 pandemiyasından sonra dünyada baş verən prosesləri müzakirə edəcəyik. Bildiyiniz kimi, pandemiya qlobal miqyasda bütün sahələrə ciddi təsir göstərib. Bundan sonrakı mərhələdə dünyada nələr ola biləcəyini və pandemiyadan sonra necə bir yol tutmalı olduğumuz barədə fikir mübadiləsi aparacağıq. Daha əvvəl də bir neçə dəfə bu tədbirə qatılmışam. Həqiqətən dəyərli fikir sahiblərinin qatıldığı bir forumdur. İnanıram ki, Azərbaycan çox önəmli bir tədbirə ev sahibliyi edəcək. Buna görə də qardaş Azərbaycanı səmimi qəlbdən təbrik edirəm”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.
Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirak edirlər. Hibrid formatda təşkil edilən tədbirdə 300-ə yaxın qonağın canlı və onlayn iştirakı gözlənilir.
Twitter: @cingizsafarli