27-29 oktyabr tarixlərində Bakıda keçiriləcək Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti çərçivəsində startaplar üçün xüsusi tanıtım proqramı nəzərdə tutulur.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AzerTimes-a verilən məlumata görə, İslam Əməkdaşlıq Təşkilatına üzv (OIC) ölkələrdən bir çox tanınmış dövlət rəsmilərinin və özəl sektor təmsilçilərinin iştirakı ilə keçiriləcək sammitin başlıca məqsədlərindən biri gənclərə startap layihələrini investorlara təqdim etmək fürsəti verməkdir. Bu məqsədlə sammit çərçivəsində OIC-ə üzv ölkələrdən 50-yə yaxın startapın təqdim olunacağı sərgi keçiriləcək. Startap layihələri qida, kənd təsərrüfatı, “yaşıl iqtisadiyyat”, maliyyə texnologiyaları, oyun və onlayn tətbiqlər, ətraf mühit, yenilənən enerji, ağıllı texnologiyalar, hava nəqliyyatı, logistika və s. sahələri əhatə edəcəkdir. Sərgiyə iştirakçı qismində qatılmaq istəyən Azərbaycan startapları oktyabrın 5-dək müraciət edə bilərlər: https://www.icyforum.org/call-for-applications-azerbaijan-investment-culture-summit/
Yalnız startap layihəsi təşkilat komitəsi tərəfindən seçilən startaplarla əlaqə saxlanılacaqdır.
Qeyd edək ki, Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti İslam Əməkdaşlığı Gənclər Forumu (ICYF) və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı, Azərbaycan Respublikasının İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi ilə təşkil olunacaq. Tədbirdə Azərbaycan, Türkiyə və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdən dövlət rəsmiləri, iş adamları, beynəlxalq təşkilatların nümayəndələri, investorlar, startaplar və gənclər təşkilatları iştirak edəcək. Üç gün davam edəcək tədbir çərçivəsində müxtəlif mövzularda panel iclaslar, sərgi və digər tədbirlər təşkil olunacaqdır.