Azərbaycan imkan verməyəcək: inanmırsız, yoxlayın!

Azərbaycan imkan verməyəcək: inanmırsız, yoxlayın!

Mən sözümün sahibiyəm. Bir daha təkrar edirəm: dərk etmək lazımdır ki, hakimiyyət məsuliyyət deməkdir və Azərbaycanla birbaşa danışıqlara getmək lazımdır.

AzerTimes xəbər verir ki, bu sözləri Azərbaycanın rus sülhməramlıların müvəttəqi məsuliyyət zonasında yerləşən Xankəndi şəhərindəki separatçı-terrorçu dəstənin “təhlükəsizlik şurasının sabiq katibi”, Birinci Qarabağ müharibəsinin “qəhrəmanı” Samvel Babayan deyib.

“Həm Ağdamdan, həm də Gorusdan ikitərəfli ticarətə başlamaq lazımdır. Bu, istəsək də, istəməsək də, baş verəcək. Qarabağa hava şarı ilə enənlər düşünürlər ki, mitinqlə nəyisə dəyişə bilərlər. Ancaq dünyada hər gün acından 200 min insan ölür, beynəlxalq birlik isə onlara hətta diqqət ayırmır.

Dünya üçün bu aksiya heç bir önəm daşımır, Azərbaycan isə Türkiyənin dəstəyi ilə irəli gedəcək. Niyə siz insanlara həqiqəti deməməlisiniz: müharibəni uduzmusansa, oyunun qaydalarını qəbul etməli və bərpa olunmağa çalışmalısan”, – Babayan bildirib.

Onun sözlərinə görə, Ermənistanda hakimiyyət dəyişikliyi olsa belə, vəziyyətdə heç bir müsbət dəyişiklik olmayacaq:

“Reallıq budur: Qarabağ müharibədə hər şeyi itirib, indi biz yenidən yaşamalıyıq, gündəmi formalaşdırmalıyıq və Azərbaycanla birbaşa danışıqlara başlamalıyıq – heç bir vasitəçi gözləmədən.

Biz dar ağacına getdiyimizi düşünməməliyik. Biz qızıl orta tapa bilərik, vasitəçilərsiz. Əgər tapmasaq, supergüclər bundan istifadə edəcək və müharibəyə başlayacaq – bunu Qarabağda və Azərbaycanda bilməlidirlər. Divident götürməyə çalışan güclərin kökü kəsilməlidir. Sadəcə vaxt lazımdır ki, gənclər hər şeyi başa düşsünlər. Mən hakimiyyətə qarşı mübarizə aparmıram, sadəcə olaraq başa düşsünlər ki, Azərbaycanla danışıqlar aparmalıdırlar”.

Babayanın sözlərinə görə, Azərbaycan İrəvandan 400 ton humanitar yardımın Xankəndiyə gəlişinə imkan verməyəcək:

“Əgər qərara gəliblərsə, yoxlasınlar, ziyanı yoxdur, ancaq bütün hallarda düşünürəm ki, Azərbaycan o yükü buraxmayacaq”.

Qeyd edək ki, İrəvandan “humanitar yük” adı ilə göndərilən məhsulu daşıyan 19 yük maşının sərhədimizə çatıb. Azərbaycan XİN bunun siyasi şou və manipulyasiya olduğunu bildirərək, ərzaq təminatı üçün bir daha Ağdam-Xankəndi yolunu təklif edib.

Teqlər: