Azərbaycan ilə Türkiyəni heç vaxt bir-birindən ayırmadım, ikisi də mənim Vətənimdir – Erkan Özoral

Azərbaycan ilə Türkiyəni heç vaxt bir-birindən ayırmadım, ikisi də mənim Vətənimdir.

AzerTimes-ın məlumatına görə, bunu Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral aprelin 10-da Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.

Səfir bildirib:

“Cənab Prezident, məni bu şərəfə layiq bildiyiniz üçün Sizə çox təşəkkür etmək istəyirəm, minnətdarlığımı bildirirəm. Siz də dediyiniz kimi, mən Azərbaycan ilə Türkiyəni heç vaxt bir-birindən ayırmadım. İkisi də mənim Vətənimdir, birinci Vətənim, ikinci Vətənim deyil. İkisi də eyni dərəcədə Vətənimdir. Ankara mənim üçün nə qədər əzizdirsə, Bakı da eynidir mənim üçün. Bu sevginin nəticəsi odur ki, özümü çox bəxtiyar hiss edirəm. Çünki Azərbaycana gəlmiş və gələcək bütün türk səfirləri içində ən gözəl anlara şahidlik edən səfir mən oldum. Bu Vətən müharibəsinə şahidlik etmək mənim üçün çox böyük xoşbəxtlik oldu. Özümü fərqli hiss edirəm.

Mən burada Türkiyə ilə Azərbaycanın bir-birinə daha da yaxınlaşması üçün vəzifəmi yerinə yetirdim. Xalqlarımızın bir-birinə yaxınlaşması üçün çalışdım. Amma bu işi görməyə imkanı təmin edən Sizlər, cənab Prezidentlərimiz bizim üçün açdığınız yol oldu. Bunları onun sayəsində edə bildik. Azərbaycanda fəaliyyət göstərdiyim müddətdə bütün qurumlardan, rəsmi şəxslərdən bütün səviyyələrdə başda Siz olmaqla hər zaman dəstək aldım. Hamınıza ayrıca təşəkkür və minnətdarlığımı bildirmək istəyirəm. Azərbaycan xalqına Sizin şəxsinizdə minnətdarlığımı çatdırmaq istəyirəm. Hər zaman qardaşlığımızı hiss etdim, getdiyim hər yerdə ona şahid oldum. İnşallah, Türkiyə ilə Azərbaycan bundan sonra daha da bir-birinə yaxın olacaq. Çünki Sizin də söylədiyiniz kimi biz birlikdə güclüyük. Çox təşəkkür edirəm, çox sağ olun”.

Teqlər: