Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə əməkdaşlıq inkişaf edir (FOTO)

Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MUSİAD) Azərbaycan ofisinin vitse-prezidenti Rəşad Cabirli, Milli Məclis sədrinin müavini, parlamentin gənclər və idman komitəsinin sədri Adil Əliyev ilə görüşüb.

MUSİAD-dan AzerTimes-a verilən məlumata görə, qonaqları salamlayan vitse-spiker Azərbaycan ilə Türkiyə arasında münasibətlərin Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın münasibətləri fonunda uğurla inkişaf etdiyini bildirib.

Görüşdə qeyd olunub ki , ölkələrimiz ortaq tarixə malik, ulu öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” olan iki qardaş dövlətdir. Ölkəmizin apardığı haqq savaşında Türkiyənin göstərdiyi mənəvi və siyasi dəstəyi Azərbaycan xalqı hər zaman xatırlayacaq.

Qeyd olunub ki, qələbədən sonra qarşımızda dayanan əsas məsələ Qarabağın bərpa edilməsidir.

Halhazırda bu sahədə ölkə rəhbərliyinin göstərişinə əsasən genişmiqyaslı işlər görülür.

Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti Prezident İlham Əliyev çıxışlarında Qarabağın bərpası zamanı görüləcək işlərə Türkiyə şirkətlərinin də cəlb edilməsinin vacibliyini vurğulayıb. Ölkəmiz üçün strateji önəm daşıyan Füzuli-Şuşa avtomobil yolunun inşası ilə bağlı türk şirkətləri artıq fəaliyyətə başlayıblar.

Görüşdə qardaş Türkiyə ilə iqtisadi, müdafiə sənayesi və digər sahələrdə əməkdaşlıqdan söhbət açılıb, bu əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyindən danışılıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən MUSİAD nümayəndələri iki ölkənin ortaq dəyərləri bölüşdüyünü, bundan sonra da daim bir-birinə dəstək vermələrinin vacibliyini qeyd ediblər. Qonaqlar qüdrətli Azərbaycan Ordusunun Ermənistan ordusunu məğlubiyyətə uğradaraq qazandığı tarixi qələbədən, ərazilərimizin işğaldan azad olunmasından məmnunluqlarını ifadə ediblər.

Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Teqlər: