Mayın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
“Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında
dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının
yaradılması haqqında” Sərəncam imzalayıb.
Trend xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikası
ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin
delimitasiyası üzrə Dövlət Komissiyası yaradılıb.
Baş nazirin müavini Şahin Mustafayev Komissiyanın sədri təyin
olunub. Naxçıvan Muxtar Respublikasının Baş nazirinin müavini,
eləcə də xarici işlər, daxili işlər, ekologiya və təbii sərvətlər,
ədliyyə, kənd təsərrüfatı, müdafiə nazirlərinin müavinləri,
həmçinin Dövlət Təhlükəsizliyi Xidməti rəisinin birinci müavini,
Dövlət Sərhəd Xidməti və Xarici Kəşfiyyat Xidməti rəislərinin
müavinləri, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC sədrinin
müavini, Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi, Prezident
Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin
sektor müdiri Komissiyanın üzvləri təyin olunublar. Dövlət
Komissiyasının tərkibinə Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Daşkəsən,
Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan Rayon İcra hakimiyyətlərinin
başçıları da daxil ediliblər.
Sərəncama əsasən, Nazirlər Kabinetinə Dövlət Komissiyasının
Katibliyinin və aidiyyəti dövlət orqanlarının (qurumlarının)
mütəxəssislərindən ibarət müntəzəm fəaliyyət göstərəcək ekspert
qrupunun yaradılmasını təmin etmək tapşırılıb.