Azərbaycan ilə enerji tərəfdaşlığının gücləndirilməsi İtaliya hökuməti üçün prioritetdir – XİN rəhbəri (MÜSAHİBƏ)

İtaliyanın xarici işlər naziri Luici Di Mayonun Trend
İnformasiya Agentliyinə eksklüziv müsahibəsi
.

Davam edən pandemiya dövrünü və ümumi makroiqtisadi
vəziyyəti nəzərə alaraq, son illər Azərbaycan-İtaliya münasibətləri
necə dəyişib?

Azərbaycan-İtaliya münasibətləri strateji xarakter daşıyır. Bu
il diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olur.
2020-ci ildə pandemiya ilə əlaqədar ikitərəfli ticarətin azalmasına
baxmayaraq, iqtisadiyyatlarımız sürətlə bərpa olunur və biz əminik
ki, bu tendensiya qarşıdakı aylarda və illərdə də davam edəcək.
Ticarət əlaqələrimiz hələ də gələcək inkişaf potensialına malikdir.
Bundan əlavə, pandemiyaya baxmayaraq, biz bütün sahələrdə
tərəfdaşlığımızı gücləndiririk. Biz indiyə qədər əldə
etdiklərimizlə fəxr edirik və tam əminliklə ümid edirik ki,
gələcəkdə birlikdə daha böyük nəticələr əldə edəcəyik.

Davam edən enerji böhranı şəraitində Cənub Qaz
Dəhlizinin Avropanın enerji təhlükəsizliyinə töhfəsini necə
qiymətləndirirsiniz?

Həm İtaliyanın, həm də Azərbaycanın dərin maraq göstərdiyi bu
layihə bütün iştirakçı tərəflərin böyüməsinə, sabitliyinə və
rifahına böyük töhfə verəcəkdir. Enerji təhlükəsizliyi baxımından
TAP-ın yaradılması indiki şəraitdə uzaqgörən qərar oldu, çünki bu,
Avropada Rusiyadan tədarükdən asılı olmayan yeganə enerji
layihəsidir.

Cənub Qaz Dəhlizinin İtaliya qaz bazarı üçün rolu nədir?
Bu, ölkədə qazın qiymətinə necə təsir etdi?

TAP Avropada regional qaz qovşağı kimi rolumuzu gücləndirdi,
eyni zamanda biznesimiz üçün daha böyük rəqabət qabiliyyətini və
aşağı enerji qiymətləri şəklində istehlakçı üçün faydalarını təmin
etdi.

İtaliya Cənub Qaz Dəhlizinin genişləndirilməsində
maraqlıdırmı?

Azərbaycanla enerjili tərəfdaşlığımız bu illər ərzində daha da
güclənib. Onun gələcək inkişafı İtaliya hökuməti üçün prioritet
məsələdir. Bu, şübhəsiz ki, Cənub Qaz Dəhlizinin genişləndirilməsi
ilə baş verə bilər.

İqtisadiyyatda, xüsusən də enerji sektorunda İtaliya ilə
Azərbaycanın sıx əlaqəsini nəzərə alsaq, sizcə, Aİ-nin Rusiyaya
tətbiq etdiyi sanksiyalar bu münasibətlərə təsir
edəcəkmi?

Azərbaycan bizim əsas enerji tərəfdaşlarımızdan biridir. Bu,
bizim ilk neft tədarükçümüz, indi isə üçüncü təbii qaz
tədarükçümüzdür. Beləliklə, energetika ikitərəfli əməkdaşlığımızın
ən mühüm aspektidir və bu illər ərzində əməkdaşlığımız strateji
xarakterini gücləndirmişdir.

Aİ-nin Rusiya ilə əməkdaşlıqdan imtina etməsi ilə bağlı
Azərbaycan-İtaliya münasibətlərində hansı inkişaf perspektivləri
yarana bilər?

Azərbaycan artıq İtaliyanın strateji tərəfdaşıdır. Mövcud
dinamikadan asılı olmayaraq, biz Aİ ilə Azərbaycan arasında
əlaqələrin daha da möhkəmlənməsini dəstəkləməkdə davam edirik. Biz
çoxillik şaxələndirmə siyasətimizə uyğun olaraq və bu sahədə əldə
etdiyimiz gözəl nəticələrə əsaslanaraq, xüsusilə enerji sektorunda,
əməkdaşlığımızı daha da inkişaf etdirməyə çalışırıq.

Ukraynada münaqişə davam etdikcə, iqtisadi ekspertlər dünya üzrə
iqtisadi sektorların siyahısının təsir altına düşə biləcəyini
proqnozlaşdırırlar. İtaliya xüsusilə ərzaq və enerji təhlükəsizliyi
ilə bağlı yarana biləcək böhranın təsirini necə azaltmağı
planlaşdırır?

Mövcud böhran şəraitində şirkətlərə və vətəndaşlara dəstək
İtaliya hökumətinin əsas vəzifələrindən biridir. Bizim əsas
prioritetimiz vətəndaşların iş yerlərini itirmələrinin qarşısını
almaqdır. İtaliya hökuməti artıq vətəndaşların və müəssisələrin
qorunmasına yönəlmiş tədbirlər həyata keçirir.

Aqrar-sənaye kompleksi, eləcə də maddi-texniki təminat üçün
zəruri olan benzinin və dizel yanacağının maya dəyərinin aşağı
salınması ilə bağlı kompleks tədbirlər təsdiq edilib. Biz həmçinin
elektrik enerjisinin qiymətinə təsir edən qazın qiymətinin aşağı
salınması üzərində işləyirik.

Biz milli və Avropa təhlükəsizliyi üçün enerji diplomatiyasına,
Rusiyadan asılılığımızı azaltmaq üçün strateji tərəfdaşlarla
əməkdaşlığı gücləndirməyə möhkəm sadiqik. İtaliya müəssisə və
ailələri üçün ağır yük olan enerji xərclərinin daha da
gərginləşməsinin qarşısını almaq üçün tədarük mənbələrimizi
şaxələndirmək üçün sürətlə hərəkət etdik. Bir sözlə, biz İtaliyanın
enerji təhlükəsizliyi planını həyata keçiririk.

Azərbaycan 30 ilə yaxın işğaldan sonra təbii sərvətlərlə zəngin
və gözəl biznes imkanları olan ərazilərini azad edib. İtaliya
şirkətləri bu regionların iqtisadiyyatının inkişafında necə iştirak
edə bilərlər?

İtaliya bu gözəl ölkənin təklif etdiyi imkanlara böyük maraqla
baxır. Azərbaycan bizim üçün mühüm iqtisadi tərəfdaşdır. İtaliya
Azərbaycanın ixracı üçün əsas təchizat bazarlarından biridir. Eyni
zamanda, bir çox İtaliya şirkətləri Azərbaycana, əsasən, enerji,
infrastruktur və nəqliyyat sahələrinə sərmayə qoyub. İnanıram ki,
ikitərəfli tərəfdaşlığımızı, xüsusən də italyan şirkətlərinin
beynəlxalq səviyyədə tanınmış təcrübəyə malik olduğu davamlı və
təmiz enerji sektorunda daha da dərinləşdirmək üçün yer var. Bundan
əlavə, infrastruktur və tikinti, rabitə və aqrar sənaye
şirkətlərimiz üçün əlavə maraq kəsb edən sahələrdir ki, bu da
Azərbaycanın iqtisadi yüksəlişinə mühüm töhfə verə bilər. Bu sahədə
məlum təcrübəmizi nəzərə alaraq, İtaliyanın Azərbaycanın mədəni
irsinin qorunub saxlanılması və bərpasına verdiyi töhfəni unutmaq
olmaz.

Teqlər: