Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) hazırladığı “Sənədlər toplusu” kitabının ikinci nəşri dərc olunub. Qeyd edək ki, nümunənin yeni nəşrində bir sıra əlavələr yer alıb.
Baş redaktoru Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov olan topluda ali tədris müəssisəsinin həyatının bütün sahələrini tənzimləyən 40-a qədər sənəd mövzular üzrə 6 bölmədə verilib. Kitab İnstitutun idarəetmə orqanları, strukturu, təşkilatları, tədrisin təşkili, elmi fəaliyyəti və müəssisədaxili nizam-intizama dair əsasnamə, təlimat, qayda və məlumatları ehtiva edir. Kitab, əsasən, təhsil prosesi iştirakçılarının istifadəsi üçün nəzərdə tutulub.
Mövcud olan bölmə və strukturların fəaliyyətini tənzimləyən sənədlərin hazırlanmasında Azərbaycan Respublikasının Konstitusiyasına, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, Aİİ-nin Nizamnaməsinə və Azərbaycan Respublikası ərazisində qüvvədə olan digər qanunvericilik aktlarına istinad olunub.
Gələcəkdə İnstitutun fəaliyyət dairəsinin genişləndirilməsi, yeni struktur bölmələrinin yaradılması ilə mövcud əsasnamə və qaydaların təkmilləşdirilməsi, həmçinin yeni sənədlərin hazırlanması nəzərdə tutulub.
Məlumat üçün bildirək ki, Azərbaycan İlahiyyat İnstitutu kitab və dərsliklərin nəşri ilə bağlı bir sıra layihələr həyata keçirir. “İlahiyyat nəşrləri” adı altında layihəyə Aİİ müəllimlərinin və bu sahədə çalışan mütəxəssislərin kitablarının nəşri daxildir.
Ali təhsil müəssisəsinin qarşısına qoyduğu məqsədlərdən biri də ilahiyyat sahəsindəki problemləri araşdırmaq, beynəlxalq standartlara cavab verən tədqiqatlar aparmaq və onları nəşr etdirməkdir.