Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 2020/2021-ci tədris ili üçün bakalavriat və magistratura səviyyələri üzrə yaz semestrinin yay imtahan sessiyası başlayıb. Dörd həftə davam edəcək sessiya təsdiq edilmiş imtahan cədvəlinə uyğun olaraq, “Microsoft Teams” platforması üzərindən şifahi, ehtiyac olduğu təqdirdə, yazılı formada həyata keçirilir.
Ali təhsil müəssisəsində xüsusi karantin rejiminin tələblərini və məsafədən tədrisin reallıqları nəzərə alınaraq, imtahan sessiyasında tələbələrin bilik və bacarıqlarını göstərmələri üçün lazımi şərait yaradılıb.
İmtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, sualların tərtibi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin tam təmin olunması, sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların araşdırılması və həll edilməsi məqsədilə ali təhsil müəssisəsində Qərargah və onun nəzdində Apellyasiya Komissiyası yaradılıb. Qərargah mövcud şəraitə uyğun olaraq məsafədən onlayn şəkildə fəaliyyət göstərəcək. Daxil olan elektron müraciətlər, şikayətlər qısa müddətdə çevik şəkildə araşdırılacaq və lazımi tədbirlər görüləcək.
Məlumat üçün bildirək ki, ali təhsil müəssisəsinin İlahiyyat fakültəsinin dekanlığı tələbələrlə imtahanqabağı “Microsoft Teams” platforması üzərindən görüş keçirib. İclasda tələbələrə onlayn formada təşkil olunacaq imtahan qaydaları barədə ətraflı məlumat verilib, mövzu ilə əlaqədar təhsilalanların fikirləri dinlənilib və sualları cavablandırılıb. Qeyd olunub ki, imtahan sessiyası ərzində mütəmadi şəkildə tələbələrin imtahanlarda qarşılaşa biləcəkləri problemlərlə bağlı görüşlərin keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi distant formada keçirilib. Aİİ-də cari tədris prosesi Təhsil Nazirliyinin tövsiyəsinə uyğun olaraq onlayn şəkildə “Microsoft Teams” platforması üzərindən təşkil edilib.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev ali və orta ixtisas təhsili müəssisələrində 2020/2021-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyasının distant (məsafədən) keçirilməsi ilə bağlı müvafiq əmr imzalayıb.