Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Beynəlxalq Ana Dili Gününə həsr edilmiş vebinar keçirilib.
Aİİ-dən AzerTimes-a bildirilib ki, vebinar “ZOOM” proqramı vasitəsilə onlayn formada təşkil olunub.
Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru, fəlsəfə üzrə fəlsəfə doktoru Mirniyaz Mürsəlov açılış nitqi ilə qonaqları və vebinar iştirakçılarını salamladıqdan sonra, 21 fevralın Beynəlxalq Ana Dili Günü kimi qeyd olunmasının tarixindən ətraflı danışıb, tarix boyu Azərbaycan dilinin qarşılaşdığı problemləri dilə gətirib.
Daha sonra müstəqillik dövründə Heydər Əliyevin dil sahəsindəki xidmətlərini vurğulayıb.
Vebinarın moderatoru – Aİİ Dillər və ictimai fənlər kafedrasının dosenti, ilahiyyat üzrə fəlsəfə doktoru Məmmədəli Babaşlı tədbir iştirakçılarını salamladıqdan sonra, Ana dilinin insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm vasitə olduğunu qeyd edib.
AMEA İ.Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu tədbir iştirakçılarını salamladıqdan sonra, “Ana dilimiz milli sərvətimizdir” mövzusunda çıxış edib. M.Nağısoylu Ana dilinin hər bir millət üçün milli sərvət olduğunu xüsusi vurğulayıb. Dilimizi tarix boyu yaşadan söz ustalarından, alimlərdən, yazıçılardan sitatlar gətirərək, dilin qoruyucusunun, daşıyıcısının xalq olduğunu nəzərə çatdırıb.
Azərbaycan Dillər Universitetinin məsləhətçi professoru, Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının üzvü, fil.e.d., prof. Adil Babayev “Dil millətin tək nişanıdır” mövzusunda məruzə edib. A.Babayev Ana dilinin saflığını qorumağın, ədəbi dil normalarının gözlənilməsinə nəzarət etməyin, həmçinin dili yad ünsürlərdən təmizləməyin hər bir Azərbaycan vətəndaşının borcu olduğunu bildirib.
Azərbaycan Dövlət Pedaqoji Universiteti Müasir Azərbaycan dili kafedrasının müdiri, Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının üzvü, fil.e.d., prof. Buludxan Xəlilov tədbir iştirakçılarını təbrik etdikdən sonra, Ana dili günü münasibətilə keçirilən vebinarı yüksək qiymətləndirib. “Azərbaycan dilinin imkanları” mövzusunda çıxış edən edən B.Xəlilov dövlətin gücünü onun dil imkanları ilə eyniləşdirib. Azərbaycan dilinin ölkəmizdə yaşayan digər xalqları birləşdirdiyini, onların öz ana dillərində azad danışmalarına heç bir maneçilik törətmədiyini söyləyib.
Vebinar iştirakçıların müzakirələri ilə davam edib.