Azərbaycan iki ölkədən quş ətinə idxal məhdudiyyətini qaldırıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA)
tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək
yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya
Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar
əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq
tədbirlər həyata keçirilir.

AQTA-dan Trend-ə verilən məlumata görə, Ümumdünya Heyvan
Sağlamlığı Təşkilatının (OIE) rəsmi məlumatına əsasən, İsrail
Dövlətinin Qüds dairəsində və Əfqanıstan İslam Əmirliyinin Herat
əyalətində qeydə alınmış yüksək patogen quş qripi (YPQQ) xəstəliyi
üzrə xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb
və qeyd olunan inzibati ərazi vahidlərinin həmin xəstəlikdən
epizootik sağlamlıq statusu bərpa olunub. Bu məqsədlə Agentliyin
müvafiq qərarları ilə aradan qaldırılmış xəstəlik üzrə adları
sadalanan inzibati ərazi vahidlərinə tətbiq edilən məhdudiyyətlərə
yenidən baxılıb. YPQQ-yə görə İsrail Dövlətinin Qüds dairəsindən və
Əfqanıstan İslam Əmirliyinin Herat əyalətindən OIE-nin “Quruda
yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma
prinsipi nəzərə alınmaqla, bütün növ diri quş və quş məhsullarının
idxalına tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni
zamanda aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinə məlumat
verilib.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tövsiyə edir ki, yüksək
patogen quş qripi xəstəliyinin baş verməməsi üçün quşçuluq
məhsullarının və quşların beynəlxalq ticarətinin aparılmasında
ölkələrin epizootik vəziyyəti nəzərə alınmalı, quşçuluq təyinatlı
istehsal müəssisələrində və bu müəssisələrin daxil olduğu
ərazilərdə daimi müşahidələr aparılmalı və baytarlıq-sanitariya
tələblərinə əməl edilməlidir.

Teqlər: