Xəbər - Alpər Ziya – Trend:
Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı (İƏT) üzv ölkələrin nazirlərinin görüş yerinə çevrilməsi, Bakının 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etməsi, İƏT ölkələrinin tələbələri üçün təqaüd proqramının təqdim edilməsi, həmçinin İƏT Baş katibinin və təşkilatın məsul şəxslərinin Azərbaycana intensiv səfərləri ölkəmizin müsəlman dünyasında nüfuzunu və mövqeyini gücləndirib. Azərbaycan artıq İƏT ailəsinin fəal üzvlərindən birinə çevrilib.
Dünən Prezident İlham Əliyevin İƏT-in Elm və Texnologiya üzrə onlayn formatda ikinci Zirvə toplantısında videoformatda çıxışında səsləndirdiyi fikirlər də bu təşkilatın Azərbaycanla yaxın münasibətlərini bir daha qabartmış oldu. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ailəsinin fəal üzvüdür və həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində üzv dövlətlərlə sıx əməkdaşlıq edir. Son bir neçə il ərzində Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin xarici işlər, mədəniyyət, turizm, təhsil, əmək və digər nazirləri səviyyəsində 10-a yaxın görüş keçirilib. “Azərbaycan hər zaman İslam ölkələri arasında həmrəyliyin gücləndirilməsi istiqamətində səylər göstərib. 2017-ci ildə 54 dövlətin iştirakı ilə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməyimiz bunun növbəti təzahürü idi. Bununla yanaşı, biz, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin vətəndaşları üçün ölkəmizdə təhsil almaq imkanı verən təqaüd proqramına da başlamışıq” – deyə, dövlət başçısı vurğuladı.
Prezident İlham Əliyevin İƏT-in Elm və Texnologiya üzrə ikinci Zirvə toplantısında videoformatda çıxışı təqdim olunub (VİDEO)
Zirvə toplantısında, həmçinin Ermənistanın hərbi təcavüzü ilə bağlı İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Azərbaycanın ədalətli mövqeyinin ardıcıl şəkildə dəstəklənməsi yüksək qiymətləndirildi. Bildirildi ki, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən 1994-cü il Kasablanka Zirvə görüşündən bu günə qədər Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən, ölkəmizin suverenliyi və ərazi bütövlüyünü dəstəkləyən 80-dən artıq qətnamə qəbul edilib.
Bu mənada Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü ilə bağlı 2016-cı ildə İslam Əməkdaşlıq Təşkilatının Təmas Qrupunun təsis edilməsi xüsusi qeyd edilməlidir.
İƏT Vətən müharibəsi dövründə Azərbaycanı dəstəkləyən qətiyyətli mövqe sərgilədi, xüsusilə müharibənin ilk günlərindən mənəvi və siyasi dəstəyini əsirgəmədi. Bu xüsusda təşkilatın fəal üzvlərindən olan Türkiyə, Pakistan və Əfqanıstanın rolunu ayrıca qeyd etmək lazımdır.
Təşkilat müharibədən sonra da Azərbaycanın yanında oldu, Ermənistanın ölkəmizə qarşı hərbi-siyasi təcavüsünə susmadı. Xatırlayırsınızsa, bu il İƏT-in Baş Katibliyi, İƏT-in Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü ilə bağlı Təmas Qrupunun üzvləri və İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESKO) nümayəndə heyəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə, eləcə də müharibə dövründə erməni terroruna məruz qalan Gəncəyə səfər edərək Ermənistan tərəfindən islam irsinə qarşı törədilmiş vəhşiliklərin bilavasitə şahidi oldular.
İƏT Təmas Qrupu hətta səfərdən sonra – aprel ayının 8-də Bakıda mətbuat konfransı keçirdi. Nümayəndə heyəti Ağdam və Gəncəyə səfərləri ilə bağlı təssüratlarını media nümayəndələri ilə bölüşdülər. Bu konfransda çıxışlar zamanı Azərbaycan haqqında səsləndirilmiş pozitiv fifkirlər, işğalçı Ermənistanın dini abidələrimizi dağıtması və talan etməsinə dair rəylər xüsusilə diqqət çəkdi. Eləcə də İslam ölkələri arasında həmrəyliyin gücləndirilməsində Azərbaycanın və Prezident İlham Əliyevin rolu ayrıca vurğulandı. Təmas Qrupu üzvləri əsasən də İslam dünyasında müşahidə olunan kataklizmlər, İraq, Liviya, Yəmən, Suriya, Fələstin və digər müsəlman ölkələrində yaşanan problemlər fonunda Azərbaycanın Vətən müharibəsində tarixi qələbəsinin nümunəvi əhəmiyyəti barədə dəyərli fikirlər səsləndirdilər. Onların bu səfəri və səfərlə bağlı təəssüratları dünya mediasında da geniş şəkildə işıqlandırıldı.
İƏT-in Elm və Texnologiya üzrə ikinci Zirvə toplantısında da bu məsələlər xüsusi vurğulandı, Azərbaycan Prezidentinin timsalında təşkilatının Baş katibi Yusif bin Əhməd əl-Osayminə aprel ayında ölkəmizə səfər etdiyinə və Qələbəmizlə bağlı səmimi təbrikinə görə xüsusi minnətdarlığını bildirildi. Qeyd olundu ki, Azərbaycan qardaş İƏT dövlətlərindən olan şirkətlərin işğaldan azad edilmiş ərazilərdə yenidənqurma prosesində iştirakını görmək istərdi.
Beləliklə, əminliklə söyləyə bilərik ki, müharibədən öncə, müharibə dövründə və ondan sonrakı mərhələdə daim Azərbaycanın yanında olan İƏT ölkələri işğaldan azad olunan ərazilərin bərpasında da öz dəstəklərini əsirgəməyəcəklər.
Sonda xatırladaq ki, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) 1969-cu ildə müsəlman ölkələri arasında həmrəyliyin və əməkdaşlığın gücləndirilməsi, islam dəyərlərinin və islam irsinin qorunması məqsədilə təsis edilib. Təşkilatın 57 üzvü var. Baş qərargahı Səudiyyə Ərəbistanın Ciddə şəhərində yerləşir. Təşkilat BMT yanında müşahidəçi statusa malikdir. Təşkilatın fəaliyyət istiqamətləri üzrə siyasi qərarlar üç ildən bir keçirilən İslam Zirvə görüşündə verilir.