Azərbaycanın hərtərəfli inkişafı beynəlxalq münasibətlər
sistemində ölkəmizin yerinə və roluna təsir göstərən mühüm
amillərdəndir. Bu gün Azərbaycana hansı rakursdan baxsaq böyük
inkişafın, tərəqqinin şahidi olarıq. Müasir müstəqil Azərbaycan
dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin düşünülmüş və
məqsədyönlü siyasəti, son 18 ildən artıq dövrdə bu xəttin Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin inkişaf
modelini dünyaya nümunə göstərdi. Ölkəmizin idman dövləti kimi
qazandığı uğurlar da təqdirəlayiqdir. Dövlət başçısı İlham Əliyev
Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının
iştirakçılarını martın 17-də qəbul edərkən çıxışında ölkə idmanının
keçdiyi inkişaf yolunun, hazırkı dövrdə qarşıda dayanan vəzifələrin
ümumi mənzərəsini təqdim etdi. Nəzərə alsaq ki, idman da bir
siyasətdir, bu halda ölkəmizin bu sahədə qazandığı nailiyyətlərin
Azərbaycanın beynəlxalq imicinə böyük təsir göstərdiyini əminliklə
söyləyə bilərik. Bolqarıstanda keçirilmiş Avropa çempionatında gənc
güləşçilərimiz ölkəmizi ləyaqətlə təmsil edərək 16 medal
qazanmışlar ki, bunun da 7-si qızıl medaldır. Hər bir qələbə
Azərbaycanın beynəlxalq arenada təqdimatıdır. Dövlət Himnimizin
səsləndirilməsi, üçrəngli bayrağımızın yüksəklərə qaldırılması
ölkəmizin beynəlxalq nüfuzunu daha da möhkəmləndirir. Bu qələbələr
gənclərimizdə qürur yaratmaqla yanaşı, Azərbaycanı yüksək səviyyədə
təmsil etdikləri üçün məsuliyyət hisslərinin daha da artırılmasına
stimul olur.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon
təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə AzerTimes-a
açıqlamasında bildirib.
V.Rəhimzadə qeyd edib ki, idman hər bir ölkənin qüdrətini əks
etdirir: “Dövlət başçısı İlham Əliyevin qeyd olunan görüşdə
vurğuladığı kimi, əgər beynəlxalq yarışlarda, Olimpiya Oyunlarında
ölkələrin reytinqlərinə nəzər salsaq adətən inkişaf etmiş ölkələrin
nümayəndələrinin daha böyük uğurlar qazandıqlarını görərik. Bunu
şərtləndirən əsas amil dövlət siyasətidir. Təbii ki, hər bir
sahənin inkişafı bu istiqamətdə ardıcıl şəkildə atılan addımlardan,
yaradılan bazadan asılıdır.”
Diqqəti Azərbaycanın 2015-ci ildə ev sahibliyi etdiyi ilk Avropa
Oyunlarına və 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi
Oyunlarına yönəldən YAP Xətai rayon təşkilatının sədri qeyd edib
ki, iki il ərzində iki böyük tədbirin keçirilməsi beynəlxalq idman
ictimaiyyətinin, federasiyalarının ölkəmizə olan münasibətini
nümayiş etdirdi: “Eyni zamanda, dünya ictimaiyyəti şahidi oldu ki,
siyasi, iqtisadi sahədə uğurlar qazanan Azərbaycan böyük imkanlara
malik olan ölkədir və bütün sahələr üzrə ən mötəbər beynəlxalq
yarışları keçirməyə qadirdir. Ölkəmizdə idmanın kütləviliyini təmin
etmək və bütün bölgələrdə mövcud infrastrukturdan istifadə etmək
prioritet vəzifədir. Regionların inkişafına dair Dövlət proqramları
çərçivəsində Azərbaycanın hər bölgəsində müasir Olimpiya İdman
kompleksləri tikilib istifadəyə verilib. 50-yə yaxın belə kompleks
artıq inşa edilib. Qlobal əhəmiyyətli məsələlərin müzakirə olunduğu
Azərbaycanda reallaşan beynəlxalq forumlar, konfranslar ölkəmizi
Şərq ilə Qərbi birləşdirən körpü, sivilizasiyalararası dialoq
mərkəzi kimi tanıtdığı üçün idmanın müxtəlif növləri üzrə keçirilən
yarışlarda, olimpiadalarda, oyunlarda iştirakçıların sayı ölkəmizə
olan inamın, verilən yüksək dəyərin fonunda daha çox olur. Onlar
Azərbaycanın uğurlarından heyrətlərini gizlədə bilmirlər. Ölkə
Prezidenti qeyd edilən görüşdə bu hədəfi açıqlamışdır ki, ölkəmizdə
keçirilmiş və bundan sonra keçiriləcək idman yarışları müntəzəm
xarakter almalıdır. Çünki ölkəmizin həm imkanları, həm
Azərbaycandakı qonaqpərvərlik, idman infrastrukturunun mövcudluğu
sayəsində biz bütün istənilən idman yarışını keçirə bilərik.”
Vüqar Rəhimzadə gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə
edilməsində idmanın rolunu xüsusi vurğulayaraq bildirib ki, bu gün
Azərbaycan idmançıları yarışlara qalib ölkənin təmsilçiləri kimi
qatılırlar: “İdmançılarımızın tarixi Zəfərimizə qədər qatıldıqları
yarışlarla bugünümüz arasında fərq diqqətçəkəndir. Bu baxımdan ki,
yarışlara torpaqları işğal edilən ölkənin təmsilçisi kim qatılmaq
daim bu çağırışı özündə ehtiva edirdi ki, gücümüzü, iradəmizi
göstərməli və qalib olmalıyıq. Sübut etməliyik ki, beynəlxalq idman
arenalarında nümayiş etdirdiyimiz gücü, qazandığımız qələbələri
döyüş meydanında da qazana, göstərə bilərik. Azərbaycan bu illər
ərzində gücləndi, qüdrətləndi, münaqişənin həlli üçün möhkəm hüquqi
baza yaradıldı və 44 gündə 30 ilin işğalına son qoyuldu. Dövlət
başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Avropa
çempionatının iştirakçıları ilə görüşündə bir daha tarixi
Zəfərimizdə gənclərin vətənpərvərlik hissinin, torpaq sevgisinin
əsas olduğunu vurguladı: “Bizim əlbəttə ki, güclü Ordumuz,
texnikamız, silahlarımız, sursatlarımız var. Amma Qələbəmizi
şərtləndirən döyüşçülərin əzmkarlığı, Vətənə olan bağlılığı idi. Bu
da vətənpərvərlikdən irəli gəlir.”
YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, dövlət başçısı
İlham Əliyevin qeyd edilən görüşündə diqqət göstərdiyi əsas
məsələlərdən biri də dünyanın ikili siyasətinin yaratdığı
problemlər oldu: “Belə ki, dünyanın bir çox ölkələrində
müharibələrin getdiyini və gedəcəyini vurğulayan ölkə Prezidenti
bunun fonunda dünyaya ikili standartlara əsaslanan siyasətə son
qoyulması çağırışını edir. İkili siyasətin nəticəsində mülki əhali
böyük çətinliklərlə üzləşir, itkilər böyük rəqəmlərlə ifadə olunur.
İşğalçı Ermənistanın timsalında ikili yanaşmanın yaratdığı
problemlər aydın görünür. 44 günlük İkinci Qarabağ müharibəsində
döyüş meydanında məğlubiyyəti ilə barışmayan Ermənistan silahlı
qüvvələri cəbhə xəttindən uzaqda yerləşən ərazilərimizi raket
atəşinə tutaraq mülki əhalinin qətlinə, yaralanmasına səbəb
oldular. Bunlar dünyanın gözü qarşısında baş verdiyi halda, yenə də
seyrçi mövqe davam etdi. Ermənistanın beynəlxalq hüquqa zidd hər
bir addıma dünyanın göz yummasının 44 günlük Vətən müharibəsinə yol
açdığı bəllidir. Dünyanın bəzi ölkələrində gedən müharibələrin
fonunda beynəlxalq ictimaiyyət Azərbaycan xalqının böyüklüyünü və
Azərbaycan rəhbərliyinin məsuliyyətini görür. Prezident İlham
Əliyevin qeyd etdiyi kimi, bu, əlbəttə ki, idmançılarımız üçün
əlavə bir stimuldur. Çünki böyük nüfuza malik olan ölkəni təmsil
edirlər. Bugünkü və gələcək nəslin nümayəndələri artıq yarışlarda
müzəffər ölkəni təmsil edirlər və hər zaman da belə olacaq. Çünki
Qələbəmiz əbədidir. Qarabağı düşməndən azad edən, o torpaqlarda
həyat yaradan, həyat quran xalqıq.”
Vüqar Rəhimzadə bir ildən artıqdır ki, işğaldan azad edilmiş
ərazilərimizdə bərpa və quruculuq işlərinin geniş vüsət almasından,
Böyük Qayıdışa gedən yolun yaxınlaşmasından bəhs edərək bu
torpaqlarda soydaşlarımızın yüksək şəraitdə yaşayışı üçün bütün
zəruri imkanların yaradıldığını bildirib: “Şəhərlərin təqdim edilən
Baş planlarında bütün sahələrin, o cümlədən idmanın inkişafına
xidmət edən müddəalar öz əksini tapıb. Dövlət başçısı görüşdə bu
məsələni də önə çəkərək qarşıya qoyulan hədəfi açıqlayıb: Azad
edilmiş torpaqlarda idman inkişaf etməlidir.”
YAP Xətai rayon təşkilatının sədri bu qənaətə gəlib ki, tarixi
Zəfərimiz gücümüzü, qüdrətimizi, iradəmizi nümayiş etdirdi. Dəmir
yumruq birliyimizin, gücümüzün təqdimatı oldu. Azərbaycan bundan
sonra da yalnız inkişaf, tərəqqi yolu ilə gedəcək.