Azərbaycan idmançıları Akrobatika gimnastikası üzrə Dünya çempionatının medalları uğrunda mübarizə aparacaqlar (FOTO)

Xəbər - Cani Babayeva – Trend:

Martın 13-də Milli Gimnastika Arenasında Akrobatika gimnastikası
üzrə 28-ci Dünya çempionatının yarışlarının final günü
keçiriləcək.

AzerTimes-ın
məlumatına görə, bu gün kişi və qarışıq cütlüklər arasında tarazlıq
hərəkətlər proqramı üzrə final, eləcə də qadın cütlükləri, kişi və
qadın qrupları arasında temp hərəklər proqramı üzrə final yarışları
olacaq. Final yarışı saat 16:00-da başlayacaq.

Kişi cütlükləri arasında balans hərəkətlər proqramının finalında
Azərbaycan təmsilçiləri – Daniel Abbasov və Murad Rəfiyev dueti
medallar uğrunda mübarizə aparacaqlar. Onların finaldakı rəqibləri
ABŞ, Qazaxıstan, Portuqaliya, Almaniya və Özbəkistan
təmsilçiləridir.

Bu gün, həmçinin Azərbaycan qarışıq cütlüyü Ağasif Rəhimov və
Raziyə Seyidli tarazlıq hərəkətlər proqramı üzrə finalda çıxış
edəcək.

Qeyd edək ki, hazırda Azərbaycan yığmasının Dünya Çempionatında
üç medalı aktivində var. Ağasif Rəhimov və Raziyə Seyidlinin gümüş,
Daniel Abbasov və Murad Rəfiyevin iki bürünc medal qazanıb.

Qeyd edək ki, martın 10-13-də Milli Gimnastika Arenasında
akrobatika gimnastikası üzrə Bakıda ilk dəfə olaraq dünya
çempionatı keçirilir. Yarışlarda 17 ölkədən 170 gimnast iştirak
edir.

Yarışlarda qadın, qarışıq və kişi cütlüklər, qadın və kişi
qrupları tərkibində gimnastlar tarazlıq, temp və kombinə edilmiş
hərəkətləri təqdim edirlər.

Teqlər: