Azərbaycan ictimaiyyəti “Ana harayı” abidəsini ziyarət edir (FOTO/VİDEO)

XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının
30-cu ildönümü ilə əlaqədar fevralın 26-da Xətai rayonundakı “Ana
harayı” abidəsi ziyarət olunur.

AzerTimes-ın məlumatına görə, budəfəki anım mərasimində fərqli
hisslər yaşanır. 44 günlük Vətən müharibəsinin böyük qələbə ilə
başa çatması, Qarabağın işğaldan azad olunması nəticəsində
şəhidlərimizin, eləcə də Xocalı soyqırımı qurbanlarının qanı yerdə
qalmayıb, qisası alınıb.

Anım mərasimlərinin iştirakçıları müsahibələrində bu dəhşətli
cinayəti törədən erməni faşistlərinin, soyqırımının təşkilatçıları
və icraçılarının ədalət məhkəməsi qarşısında dayanacaqlarına, öz
cəzalarını alacaqlarına inandıqlarını bildirirlər.

Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək, insanlığa
qarşı yönəlmiş bu vəhşi qətliamı bir daha beynəlxalq ictimaiyyətin
diqqətinə çatdırmaq məqsədi daşıyan anım mərasimi göstərir ki,
xalqımız bu faciəni heç vaxt unutmayacaq.

Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə
erməni silahlı birləşmələri Xocalı şəhərinə hücum edərək dinc
əhaliyə vəhşicəsinə divan tutublar. Şəhərin 613 sakini, o cümlədən
63-ü uşaq, 106-sı qadın xüsusi amansızlıqla qətlə yetirilib.
Soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki
valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Girov
götürülən 1275 nəfərdən 197-nin taleyi indiyədək məlum deyil.

Teqlər: