Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbaycan 30 ildir, dünyanın ən böyük, ən nüfuzlu təşkilatı
olan BMT-nin üzvüdür. Azərbaycan özünü BMT-nin məsuliyyətli üzvü
kimi etimad qazanıb, ali qurumun Nizamnaməsində əksini tapmış
məqsəd və prinsiplərə hər zaman töhfə verib. Beynəlxalq sülhyaratma
missiyasında ölkəmiz hər zaman fəallığı ilə seçilib. Təsadüfi deyil
ki, BMT üzv dövlətlərinin mütləq əksəriyyətinin dəstəyi ilə
Azərbaycan 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü
illər üzrə qeyri-daimi üzvü seçilib.
Bunu AzerTimes-a Milli Məclisin deputatı Könül Nurullayeva
deyib.
Deputat bildirib ki, bu müddətdə Azərbaycan dünyada sülh və
təhlüksəziliyin bərqərar olunması istiqamətində prinsipiallığını
davam etdirdi.
“Azərbaycan həm də BMT TŞ-nin müvafiq qətnamələrini məhz ali
qurumun nizamnaməsini rəhbər tutaraq özü icra etməklə regionda
dayanıqlı sülh üçün zəmin yaratdı.
Eyni zamanda ən mürəkkəb məsələ – COVID-19 pandemiyasının ortaya
çıxdığı ilk vaxtlardan başlayaraq Azərbaycan Qoşulmama Hərəkatının
sədri qismində BMT çərçivəsində pandemiyaya qarşı mübarizədə qlobal
təşəbbüskar kimi çıxış etdi. Azərbaycanın sədrlik etdiyi Qoşulmama
Hərəkatı multilateralizm, əməkdaşlıq və həmrəylik ruhunda geniş
beynəlxalq ictimaiyyətin səylərini fəal şəkildə səfərbər edərək,
pandemiya ilə mübarizə və onun mənfi nəticələrinin aradan
qaldırılması baxımından bir sıra uğurlu təşəbbüslər irəli
sürdü.
2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19
pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının
keçirilməsi, habelə ötən ilin mart və dekabr aylarında İnsan
Hüquqları Şurası və Baş Assambleya tərəfindən qəbul edilmiş
“COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə
bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin
edilməsi”nə dair qətnamələr prosesə əlavə töhfə verdi”, – deyə
deputat bildirib.
O qeyd edib ki, təsadüfi deyil ki, Cənubi Qafqazda ilk olaraq
vaksinasiya işlərinə məhz Azərbaycanda başlandı, 30-dan çox ölkəyə
maliyyə- humanitar yardım göstərildi və bu, koronavirusla
mübarizənin “Azərbaycan modeli”nin əsas üstünlüklərindən
biridir.
“ÜST başda olmaqla əksər beynəlxalq təşkilatlar Azərbaycanın
pandemiya siyasətini nümunə kimi qiymətləndirir.
BMT Baş Assambleyasının “Universal peyvəndlənmə üçün səylərin
artırılması” mövzusunda keçirilmiş yüksək səviyyəli tematik
müzakirələrində də Prezident, Qoşulmama Hərəkatının sədri İlham
Əliyev bəyan etdi ki, Azərbaycan COVID-19 pandemiyasının nəzarətdə
saxlanılması üçün təsirli və adekvat tədbirlərin həyata
keçirilməsini davam etdirir. Yəni, bu təşəbbüslərin davamlılığı
olduqca vacibdir. Azərbaycan həm də post-COVID-19 dövrünün bərpa
ehtiyacları ilə bağlı nəticəyönümlü təşəbbüslərlə çıxış edir”, –
deyə deputat əlavə edib.