Azərbaycan hər ötən gün şanlı tarix yazır – Sahil Kərimli

Azərbaycanın 44 günlük Vətən Müharibəsindəki tarixi Qələbəsindən cəmi 10 ay ötür. Müharibədən çıxmış, üstəlik pandemiyanın mənfi təsirlərindən zərər görən bir ölkənin dərhal azad edilmiş ərazilərdə sürətli bərpa işlərinə başlaması həqiqətən heyrətamizdir.

Qarabağ tamamilə yenidən qururlur, sıfırdan ən müasir infrastruktur yaradılır, yeni yollar, hava limanları, elektrik stansiyaları, kəndlər, qəsəbələr tikilir. Bu tezliklə, bu miqyasda işlərin öhdəsindən yalnız Azərbaycan kimi qüdrətli ölkə gələ bilər. Qarabağda aparılan çevik tikinti işləri Azərbaycan dövlətinin gücünün, potensialının göstəricisidir.

Bu gün Füzuli Beynəlxalq Hava Limanına ilk təyyarə eniş etdi. Bu, hər bir Azərbaycan vətəndaşının qürur duyacağı, fəxr edəcəyi növbəti hadisədir. Bu, Azərbaycan tarixinin növbəti şanlı səhifəsidir. Azərbaycan hər ötən gün yeni və şərəfli tarix yazır.

Təsəvvür etmək çətindir, cəmi bir neçə aya belə böyük Beynəlxalq Hava Limanı inşa etmək, yüz kilometrlərlə yol çəkmək, ən müasir infrastruktur yaratmaq asan məsələdirmi? Əlbəttə ki, çətindir. Amma, Azərbaycan bunu bacarır, bu böyüklükdə işin öhdəsindən əzmlə gəlir.

Bu möhtəşəm uğurun, bənzərsiz nailiyyətin formulu ortadadır. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti və unikal liderlik qabiliyyəti, dövlətimizin möhkəm təməllər üzərində dayanması. Və bir də daha bir önəml məqam – Azərbaycanın dünyadakı nüfuzu, ölkəmizə olan yüksək inam və etimad, bölgədə xüsusi söz və güc sahibi olması.

Bu gün Azərbaycanın həyta keçirdiyi hər bir layihə, reallaşdırdığı hər bir iş dünyada heyranlıqla, xüsusi maraqla qarşılanır. Çünki, son illər dünyada baş verən iqtisadi geriləmələr fonunda Azərbaycan heç bir layihəni təxirə salmır, ixtisar etmir, nəzərdə tutulan bütün planlar icra olunur. Tikinti-quruculuq işləri, infrastruktur layihələri təkcə Qarabağda deyil, paralel olaraq bütün ölkə boyu həyata keçirilir. Azərbaycanı fərqləndirən, dünyada önə çıxaran, çoxlarını mat qoyan da bu amillərdir.

Düşmən üzərində möhtəşəm Qələbəmizin simvollarından olan Zəfər Yolu da yaxın günlərdə tam istifadəyə veriləcək. Cəmi 10 aya belə bir nəhəng layihənin uğurla başa çatdırılması da alqışa layiq hadisədir. Ümumiyyətlə, azad edilmiş tarixi torpaqlarımızda aparılan bərpa işləri, bu prosesi birbaşa olaraq Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci Vitse-prezident Mehriban Əliyevanın ciddi nəzarətdə saxlaması, hər bir layihənin açılışında şəxsən iştirak etmələri Azərbaycan ictimaiyyətində xüsusi rəğbət, fərqli məmnuniyyət, fəxr və qürur hissi yaradır.

Azərbaycan bölgədə yeni reallıqlar yaradır. Azərbaycanın lideri Qarabağı nəinki regionun, bütün dünyanaın qibtə edəcəyi müasir, əsrarəngiz və təhlükəsiz bölgəsinə çevirməkdə qərarlıdır. İlham Əliyev fəaliyyəti dövründə qarşıya qoyduğu bütün hədəflərə uğurla çatıb və ölkəsini daim zirvələrə qaldırıb. Odur ki, Qarabağın tezliklə cənnətməkana çevriləcəyinə heç kimin zərrə qədər də şübhəsi yoxdur.

Azərbaycan Prezidenti Füzuli Hava Limanını Qarabağın hava qapısı adlandırıb. Bu gün 30 illik fasilədən sonra doğma Qarabağın hava məkanında yenidən sərnişin təyyarəsi uçdu, “QARABAĞ” təyyarəsi azad edilmiş ərazilərə endi. Tam əminik ki, tezliklə Qarabağın, Şərqi Zəngəzurun ərazilərində təməli qoyulmuş Hava Limanlarının da tikintisi başa çatacaq, uçuşlar başlayacaq və bu əlamətdar hadisələr də Azərbaycanın növbəti şanlı tarixinə çevriləcək.

Sahil Kərimli,

Trend BİA-nın Baş redaktor müavini

Teqlər: