Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası şəhid ailələrinə və qazilərə yardımlarını davam etdirir – Səttar Möhbalıyev

“Vətən müharibəsi Azərbaycanın qədim və şərəfli tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun qəhrəmanlığı sayəsində 30 il işğal altında olan torpaqlarımız 44 gün ərzində mənfur düşmən tapdağından azad edildi. Artıq Qarabağ və Şərqi Zəngəzur öz doğma sakinlərini salamlayaraq azad nəfəs alır. Vətəni qanı, canı bahasına azadlığa qovuşduran şəhidlərimizə, qazilərimizə, veteranlarımıza hər zaman borcluyuq. Şəhid ailələrinin, qazilərin, veteranların sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzində olub. Azərbaycan həmkarlar ittifaqları da dövlətin bu növ sosial təşəbbüslərində yaxından iştirak edir”.

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, AHİK və onun üzv təşkilatları tərəfindən 6 278 şəhid ailəsinə və qazilərə birdəfəlik yardım edilib, 161 şəhidin 269 övladı 18 yaşa çatanadək himayəyə götürülüb, hər ay onlara müxtəlif məbləğlərdə müavinət ödənilməkdədir və bu məqsədlə ümumilikdə 1 123 800 manat vəsait xərclənib. AHİK və onun üzv təşkilatları tərəfindən Vətən müharibəsi və sonrakı dövrdə 4 980 773 manat vəsait xərclənib. O cümlədən, Vətən müharibəsi dövründə AHİK-in İcraiyyə Komitəsinin qərarları ilə Silahlı Qüvvələrə Yardım Fonduna 1 022 605 manat ianə edilib, Naxçıvan Muxtar Respublikasında yaşayan, döyüşlər nəticəsində qəhrəmancasına həlak olmuş şəhidlərimizin ailələrinə kömək göstərilməsi məqsədilə Muxtar Respublikanın Həmkarlar İttifaqları Şurasına 150 000 manat köçürülüb. Sahə həmkarlar ittifaqları tərəfindən Qarabağ Dirçəliş Fonduna 600 000 manat, Silahlı Qüvvələrə və cəbhə bölgəsinə 1 494 858 manat, “YAŞAT” Fonduna isə 586 510 manat ianə edilib”.

S.Möhbalıyev qeyd edib ki, Vətən müharibəsi iştirakçılarının, qazilərin və şəhid ailəsi üzvlərinin sağlamlıqlarının bərpa olunması məqsədilə onlar istəkləri əsasında sanatoriya-kurort yollayışları ilə güzəştli şərtlərlə təmin olunurlar: “Azərbaycan həmkarlar ittifaqları bu qəbildən olan sosial tədbirləri davam etdirir”.

Teqlər: