Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə “Gülüstan” sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə bəhs etdiyi kimi, builki Silahlı Qüvvələr Gününü qürur hissi ilə müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik. “Bu, tarixi nailiyyətdir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmamışdır. Biz bütün gücümüzü səfərbər edərək düşmənə sarsıdıcı zərbələr endirib, düşməni məğlub etdik, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdik”.
Bu fikirləri saytımıza açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat bildirib ki, cənab Prezident çıxışında qələbə gününü yaxınlaşdırmaq üçün görülən hərtərəfli işlər haqqında ətraflı məlumat vermiş və xüsusi olaraq vurğulamışdır ki, dünyada beynəlxalq hüququn norma və prinsiplərinin kobudcasına pozulması, aparıcı beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoyulmaması, işğalçı Ermənistanın güngündən azğınlaşması səbəblərindən biz daha ciddi hazırlaşmalı idik. “Bu hazırlıq hərtərəfli olmalı idi. Bu hazırlıq işlərinə biz vahid konsepsiya çərçivəsində yaxınlaşırdıq və bunu müəyyən edirdik”.
Tamam Cəfərova qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev çıxışında İkinci Qarabağ müharibəsində qələbəmizin şərtləndirən amillər sırasında bir məqama xüsusi toxunub. Bu da ölkəmizin iqtisadi potensialının daha da gücləndirilməsi, ordu quruculuğu sahəsində önəmli islahatların aparılması ilə bərabər, məsələnin beynəlxalq tərəfi idi: “beynəlxalq müstəvidə uğur qazanmalı idik və buna nail olduq”. Beynəlxalq müstəvidə böyük hazırlıq işlərinin görüldüyünü, real həqiqətlərin dünya ictimaiyyətinə çatdırıldığını, Azərbaycanın səyi ilə aparıcı beynəlxalq təşkilatların – BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, hətta ölkəmizə qarşı daim ədalətsiz mövqe sərgiləyən Avropa Parlamenti, Avropa Şurası tərəfindən maraqlarımıza cavab verən qərar və qətnamələr qəbul edildiyini vurğulayan cənab Prezident İ.Əliyev onu da qeyd edib ki, ikitərəfli formatda əlaqələrimizin gücləndirməsi dostlarımızın sayını artırdı. Prezident cənab İ.Əliyevin yorulmaz fəaliyyəti nəticəsində bu gün Azərbaycanla daha yaxın əlaqələr qurmaq istəyən ölkələrin sayı durmadan artır və İkinci Qarabağ müharibəsi onu bir daha göstərdi. Bütövlükdə dünyada bu müharibə ilə bağlı artıq tam konkret və həqiqəti əks etdirən təsəvvürlər yarandığını deyən millət vəkili onu da bildirib ki, ikitərəfli formatda bir çox ölkələrlə bərabərhüquqlu və qarşılıqlı maraqlar üzərində qurduğumuz münasibətlər bizim gücümüzü artırırdı. Qardaş ölkələr – Türkiyə başda olmaqla Pakistan və Əfqanıstan, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər ölkələr müharibənin ilk saatlarından bizə öz dəstəyini göstərirdi. Bu, əyani şəkildə onu göstərir ki, bizim nə qədər güclü beynəlxalq dəstəyimiz vardır: “biz ortalığa beynəlxalq hüquq qoymuşuq, ədalət qoymuşuq, güc qoymuşuq”.
Hazırlıq işlərinin aparılmasında əsas amilin xalq-iqtidar birliyinin olduğunu qeyd edən Prezident İ.Əliyev çıxışında deyib: “çünki bizim siyasətimiz xalq tərəfindən dəstəklənir, bizim siyasətimizə böyük inam var. Müharibə və onun nəticələri bir daha Azərbaycan xalqını əmin etdi ki, bu inamı bizə Azərbaycan xalqı bəxş etmişdir. Çünki nəyi demişiksə, onu da etmişik. Biz “nəyi nə vaxt, necə etmək lazımdır bilirik” deyəndə, məhz bunu nəzərdə tuturduq”.
Bugünkü Azərbaycan bütün tarix boyunca ən qüdrətli Azərbaycandır və heç vaxt, çoxəsrlik tarixində heç vaxt Azərbaycan indiki qədər güclü olmamışdır, deyə Tamam Cəfərova fikilərini tamamladı.