Cari ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) imkan və qabiliyyətinin inkişafı üzrə konfrans keçirilir.
Bu barədə AzerTimes-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, konfransda əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfrans iştirakçılarını salamlayan birinci dərəcəli kapitan Teymur Mürşüdov Azərbaycan Ordusunun digər bölmələrində olduğu kimi, HDQ-nin də Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində görülən işlərdən danışıb. Bildirilib ki, aparılan islahatlar çərçivəsində müasir tələblərə cavab verən ştat-strukturun qurulması, hərbi qulluqçuların peşəkarlığının daha da artırılması məqsədilə müxtəlif təlim və kursların keçirilməsi nəzərdə tutulub.
Birinci dərəcəli kapitan T.Mürşüdov vurğulayıb ki, konfransın keçirilməsində əsas məqsəd HDQ-nin modernləşdirilməsi, eləcə də yenidənqurulması istiqamətində işlərin daha effektiv və səmərəli təşkil olunmasıdır.
Qeyd olunub ki, konfransda Xəzər dənizinin hüquqi statusu və regiona təsir edən konfliktlər, HDQ-nin şəxsi heyətinin xidməti, əməliyyat və döyüş hazırlığının təşkili və digər aktual mövzular üzrə müzakirələrin aparılması planlaşdırılır.
Sonda “Hərbi Dəniz Qüvvənin əməliyyat fəaliyyəti” üzrə aktual olan bir sıra mövzular haqqında brifinqlər təqdim olunub, fikir mübadiləsi aparılıb.