Azərbaycan hazırkı geosiyasi vəziyyətdə mühüm nəqliyyat qovşağı kimi qəbul olunur – Franz Vessiq (Müsahibə)

Azərbaycan mövcud geosiyasi şəraitdə xüsusilə yeni İpək Yolu,
Orta Dəhliz çərçivəsində mühüm nəqliyyat qovşağı kimi qəbul
olunur.

Bunu Trend
eksklüziv müsahibəsində Bakıda səfərdə olan Avstriya
Respublikasının Rəqəmsal və İqtisadi İşlər üzrə Federal
Nazirliyinin Xarici İqtisadi Əlaqələr Qrupunun rəhbəri Franz Vessiq
deyib.

“Səfərimin məqsədi iqtisadi, kənd təsərrüfatı, sənaye, texniki
və texnoloji əməkdaşlıq üzrə Avstriya-Azərbaycan birgə
komissiyasının 10-cu iclasında iştirak etməkdir. Bakıya həmçinin
Avstriyadan biznes missiya da səfər edib. Birgə komissiyanın
sonuncu iclası 2018-ci ildə keçirilib. COVID-19 səbəbilə növbəti
görüşləri təxirə salmalı olduq. Mən yenidən Bakıda olmaqdan çox
şadam. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə
görüşümü çox uğurlu hesab edirəm. Biz nəqliyyat kimi çox mühüm
əməkdaşlıq istiqamətlərindən danışdıq. Biz Çindən, Mərkəzi Asiyadan
Avropaya malların çatdırılması üçün Orta Dəhliz üzrə yükdaşımaların
genişləndirilməsi yollarını müzakirə etdik. Hesab edirəm ki, bu,
çox perspektivli əməkdaşlıq sahəsidir. Hazırkı geosiyasi vəziyyətdə
Azərbaycan xüsusilə yeni İpək Yolu, Orta Dəhliz çərçivəsində mühüm
nəqliyyat qovşağı kimi qəbul edilir”, – Franz Vessiq qeyd edib.

O, xatırladıb ki, bir neçə gün əvvəl bu kontekstdə Azərbaycanın
“ADY Container” şirkəti ilə “Rail Cargo Austria” şirkəti arasında
anlaşma memorandumu imzalanıb.

“«Avstriya Dəmir Yolları» vaqonların, lokomotivlərin tədarükündə
«Azərbaycan Dəmir Yolları» ilə əməkdaşlıq etmək istərdi. Hansı
malların daşınması logistika və ticarət məsələsidir. Biz avadanlıq,
mal tədarük etmək istəyirik – bu, Avropanın Çindən hansı məhsulları
tələb etməsindən və Avropanın Çinə nə ixrac edə biləcəyindən
asılıdır. Bu, həmçinin Avstriya şirkətlərinə ixrac-idxal
fəaliyyətlərində kömək edəcək”, – o bildirib.

Vessiq qeyd edib ki, əməkdaşlığın digər sahəsi kənd
təsərrüfatıdır. Avstriyadan Azərbaycana ən mühüm ixrac
məhsullarından birinin də iribuynuzlu mal-qara olduğunu vurğulayan
avstriyalı rəsmi, bunun əməkdaşlıq üçün çox perspektivli sahə
olduğunu bildirib.

Avstriya nazirliyinin xarici iqtisadi əlaqələr qrupunun rəhbəri
vurğulayıb ki, səfərin gündəliyində əsas məsələ bərpa olunan
enerjidir.

“Avstriya nəhəng bərpa olunan enerji potensialına malik ölkədir.
Avstriyada elektrik enerjisi istehlakının təxminən 80 faizi bərpa
olunan enerji mənbələrindən əldə edilir. Məqsədimiz 2030-cu ilə
qədər bu rəqəmi 100 faizə çatdırmaqdır. Bu sektorda, xüsusən də
hidroenergetika, günəş və külək enerjisi sahəsində çoxlu
şirkətlərimiz var. Bu şirkətlərin bəzilərinin nümayəndələri işgüzar
görüşlər keçirmək üçün buradadırlar və bizim Energetika
Nazirliyində də görüşümüz olacaq. Birgə komissiyanın iclasında biz
bərpa olunan enerji sahəsində layihələrdən, xüsusən də yeni su
elektrik stansiyalarından danışdıq. Biz bərpa olunan enerji
sahəsində əməkdaşlığa dair sənəd layihəsini, su elektrik
stansiyaları ilə bağlı konkret təklifləri təqdim etdik. Bu sənəd
layihəsi konkret layihələri ehtiva edir. Ola bilsin ki, növbəti
görüşdə bərpa olunan enerji sahəsində ilk müqaviləmizi imzaladıq.
Avstriya elektrik enerjisi istehsal etmək üçün su elektrik
stansiyalarından istifadə etməkdə çoxillik təcrübəyə malikdir.
Hidroenergetika ekoloji cəhətdən təmiz enerji istehsalı üsuludur.
Su elektrik stansiyası 100 il işləyə bilər. Mən hidroenergetikaya
sərmayə qoymağı təklif edərdim”, – deyə Franz Vessiq qeyd edib.

O, hesab edir ki, ilk növbədə ikitərəfli ticarətin həcminin
artırılması vacibdir.

“Bu, ikitərəfli ticarət əlaqələrində daha çox etibarı təmin
edəcək və növbəti addım investisiya olacaq. Azərbaycanda daha çox
Avstriya şirkətləri olmalıdır və biz Avstriyada daha çox Azərbaycan
şirkətlərini görmək istərdik. Biz Avstriyaya Azərbaycan
sərmayələrini də gözləyirik. Məsələn, Azərbaycanın dövlət neft
şirkəti SOCAR Avstriyaya sərmayə qoyub – şirkət Avstriyada
yanacaqdoldurma məntəqələri şəbəkəsini idarə edir. Azərbaycanda
müxtəlif sektorlarda fəaliyyət göstərən 15 Avstriya şirkəti var və
hesab edirəm ki, onlar da sənaye sektorlarına gələcək
investisiyalarda maraqlıdırlar. İnanıram ki, gələcək investisiyalar
üçün yaxşı potensial və yaxşı imkanlar var”, – deyə Franz Vessiq
vurğulayıb.

Teqlər: