Azərbaycan hava limanları yanvarda 300 minə yaxın sərnişinə xidmət göstərib

2022-ci ilin yanvar ayında Azərbaycanın beynəlxalq hava
limanlarının sərnişin axını 290 min nəfər təşkil edib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən
AzerTimes-a verilən məlumata görə,
bu göstərici 2021-ci ilin statistikasını dörd dəfədən çox
üstələmişdir. COVİD-19 pandemiyası səbəbindən tətbiq edilən
məhdudiyyətlərin mərhələli şəkildə yumşaldılması, həmçinin
Azərbaycanın hava sərhədlərini açdığı ölkələrin sayının artması
müsbət tendensiyaya səbəb oldu. Lakin, sərnişin axını pandemiyadan
əvvəl, 2020-ci ilin yanvar ayının nəticəsindən aşağı olaraq qalır
və qeyd olunan dövrdə 395 min nəfər təşkil edib.

Ümumi sərnişin sayından 233 min sərnişin (ümumi sərnişin
axınının 80%-i) Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşüb.
Bakı hava limanının baza aviadaşıyıcıları – AZAL və “Buta Airways”
91 min və 28 min sərnişin daşıyıb ki, bu da müvafiq olaraq sərnişin
axınının 39,1%-ni və 12,1%-ni təşkil edir.

Ötən ay 23 xarici aviaşirkət Bakı hava limanına uçuşlar həyata
keçirib.

Aviadaşıyıcılar Azərbaycandan Türkiyə, Rusiya, BƏƏ, Gürcüstan,
Ukrayna, Belarus, Qətər, İsrail, Almaniya, Böyük Britaniya, Küveyt,
Bəhreyn və Səudiyyə Ərəbistanına uçuşlar həyata keçirir.

Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yük
daşımalarının həcmi, uçuş-enmə əməliyyatları, aerovağzal
kompleksinin sahəsi və yük kompleksinin tutumu baxımından
Azərbaycanın və regionun ən böyük hava limanıdır.

2021-ci ildə Heydər Əliyev Beynəlxalq Aeroportu “Skytrax”
beynəlxalq hava nəqliyyatı reytinq agentliyi tərəfindən COVID-19
pandemiyası dövründə epidemioloji təhlükəsizlik üzrə ən yüksək “5
ulduzlu” reytinqə layiq görülmüşdür.

Bu, sərnişinlərini və əməkdaşlarını koronavirus infeksiyasının
yayılmasından qorumaq üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda
tətbiq olunan COVID-19 tədbirlərinin səmərəliliyinin ən yüksək
qiymətləndirilməsidir.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti

Teqlər: