Azərbaycan-Gürcüstan dostluğu kimləri qıcıqlandırır? – TƏHLİL

Azərbaycanın 44 günlük Vətən müharibəsində və ondan sonra əldə etdiyi uğurları həzm edə bilməyən antizərbaycançılar yenidən hərəkətə keçiblər. Xüsusən də bir neçə gün öncə Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalından sonra Ermənistanın və onun xarici havadarlarının Azərbaycana qarşı əsassız iddialar səsləndirməsi onların mövcud narahatlığından qaynaqlanır.

Hər bir uğurumuza qısqanclıqla yanaşan bu qüvvələr ən xırda məqamlardan da istifadə edərək Azərbaycana, azərbaycanlılara qarşı qarayaxma kampaniyası aparırlar, Azərbaycanla dost olan ölkələrlə münasibətlərimizi korlamağa cəhd göstərirlər. Bu baxımdan, Gürcüstandakı son olayı misal çəkmək olar. Məlumdur ki, may ayının 16-da Gürcüstanın Dmanisi rayonunda bir qrup gürcü ilə azərbaycanlılar arasında dava olub. Bu insidentin tamamilə məişət zəminində baş verməsi şübhəsizdir. Bəzi qərəzli qüvvələrin iddiasından fərqli olaraq, burada hər hansı bir etnik amildən söhbət getmir. Bunu Gürcüstan və Azərbaycanın rəsmi dairələri də bəyan elədi. Sadəcə olaraq, yüksək səviyyədə olan Azərbaycan-Gürcüstan münasibətlərindən narahat olan həmin qüvvələr bu insidenti də süni şəkildə “etnik amil” kontekstində təqdim edirlər.

Diqqət çəkən məqamlardan biri də odur ki, sözügedən dava bir gün sonra barışıqla bitdi. Lakin həmin qüvvələr öz çirkin niyyətlərinə çatmadıqları üçün hələ də bu məsələni diqqətdə saxlayır və bunu etnik qarşıdurma kimi müzakirə edərək ictimaiyyətə təqdim edirlər. Belə qaragüruhçulardan biri də ABŞ-da erməni çörəyi yeyən Sevinc Osmanqızıdır. Dəryada saman çöpündən yapışmaq hər zaman olduğu kimi, onun xislət xəstəliyidir. Bu dəfə isə o, verilişində sözügedən insidenti “regionda daha bir etniq münaqişə zonası” kimi təqdim edərək bununla bağlı AXCP sədri Əli Kərimlini danışdırıb.

Ə.Kərimli isə Gürcüstan hüquq-mühafizə orqanlarının insidentə müdaxilə etməsinə rəğmən, onları məsələyə müdaxilə etməməkdə ittiham edir. Baxmayaraq ki, Gürcüstan polisi elə həmin gün sözügedən olayla bağlı 8 nəfəri saxlamışdı. Eyni zamanda, Azərbaycan tərəfi – xüsusən də Diasprola İş üzrə Dövlət Komitəsi məsələyə dərhal reaksiya vermiş, oradakı vəziyyət və azərbaycanlıların problemləri ilə dərhal maraqlanmışdı. Ardınca da rəsmi şəkildə bəyan edildi ki, Gürcüstanın Dmanisi bələdiyyəsində gürcülərlə azərbaycanlılar arasında baş verən dava sırf məişət zəminində olub və bunu etnik qarşıdurma kimi xarakterizə etmək olmaz. Çox keçmədi ki, tərəflər də bir-biri ilə barışdılar.

Məsələyə münasibət bildirən gürcüstanlı siyasətçilər də bəyan elədilər ki, heç kim və heç nə bizim Azərbaycanla olan mükəmməl əlaqələrimizi poza bilməz. Təbii ki, Azərbaycanın da Gürcüstanla bağlı mövqeyi eynidir. Uzağa getməyək, ötən il 44 günlük Vətən müharibəsini yada salaq; müharibə başlayan ilk gündən Gürcüstan Azərbaycanın yanında oldu. Hətta öz hava məkanını Ermənistana gedən hərbi təyyarələr üçün bağladı. İçərisində hərbi avadanlıqlar olan təyyarə və yük maşınlarının öz ərazisindən Ermənistana keçirilməsi cəhdlərinin qarşısını aldı. Bütün bunlar təbii ki, iki ölkə arasında olan yüksək dostluq və qonşuluq münasibətlərindən qaynaqlanır.

O da təsadüfi deyil ki, bu gün Azərbaycanın bir sıra enerji və nəqliyyat kommunikasiya layihəri məhz Gürcüstan ərazisindən keçərək dünyaya çıxır. Ermənistan isə məlum işğalçılıq siyasətinə görə bütün bu imkanlardan məhrum edilib və hazırda demək olar ki, regiondan tamamilə təcrid durumdadır.
Ona görə də bu gün həm ermənilərin, həm də onlara havadarlıq edən dairələrin Azərbaycanın qonşuları və dostları ilə münasibətlərinin korlanmasında maraqlı olması başadüşüləndir.

Elgün Mənsimov
Trend

Twitter: @Elgun_Mensimov

Teqlər: